ABŞ da daxil olmaqla 7 ölkə Şimali Koreyada 100 mindən çox insanın siyasi həbs düşərgələrində saxlandığını, işgəncələrə, məhkəməsiz edamlara və aclığa məruz qaldığını iddia edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild İngiltərə, Fransa, Yaponiya, İrlandiya, Estoniya və Norveç adından yaydığı birgə bəyanatda Şimali Koreyada sistemli insan haqları pozuntularına diqqət çəkib.
“Şimali Koreyadakı rejim 100 000-dən çox insanı işgəncələrə, məcburi əməyə, məhkəməsiz edamlara, aclığa və cinsi zorakılığa məruz qaldıqları siyasi həbs düşərgələrində saxlamağa davam edir”, - Qrinflid deyib.
Əhalinin qalan hissəsinin qorxu rejimində idarə edildiyini və söz azadlığı hüquqlarından məhrum edildiyini vurğulayan Tomas Qrinfild söyləyib:
“Rejim ölkədən qaçmağa çalışan hər kəs üçün “vur-öldür” əmrlərini yerinə yetirir və humanitar yardımların qarşısını alır”.
O, BMT Təhlükəsizlik Şurasını bu məsələ ilə bağlı tədbir görməyə çağırıb.