Almaniya Rusiyanın Berlin səfirliyində işləyən iki diplomatını arzuolunmaz şəxslər siyahısına salıb.
Teleqraf.com-un məlumatına görə, Almaniya Xarici işlər naziri Annalena Baerbok bildirib ki, avqustun 23-də Berlindəki Tierqarten Parkında baş verən qətllə əlaqəli baş prokurorun iddianaməsində bunun Rusiya dövlət qurumlarının təlimatı ilə həyata keçirildiyi nəticəsinə gəlinib.
Bu gün qərarı açıqlayan məhkəmənin də bu fikirlə razılaşdığına diqqət çəkən Baerbok, bu qətlin dövlət adına törədilməsinin Almaniya qanunlarının və Almaniyanın suverenliyinin ciddi şəkildə pozulması olduğunu qeyd edib.
Rusiyanın Berlindəki səfirinin bu gün Xarici İşlər Nazirliyinə çağırıldığı barədə məlumatı paylaşan Baerbok səfirə Rusiya səfirliyindəki 2 diplomatik işçinin arzuolunmaz şəxslər siyahısına salınması barədə məlumat verildiyini açıqlayıb.
Dünən Rusiya Xarici işlər naziri Sergey Lavrovla telefon danışığı apardığını bildirən Baerbok Rusiya ilə açıq və dürüst fikir mübadiləsi aparmaq istədiyini bildirib. Vurğulayıb ki, iki ölkənin maraqlarına uyğun olacaq bu fikir mübadiləsi beynəlxalq hüquq və qarşılıqlı hörmət əsasında aparılmalıdır. Hökumət ölkədə təhlükəsizliyin təmin edilməsi və qanunlara hörmət edilməsi üçün lazım olan hər şeyi edəcək.