ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ermənistan Təhlükəsizlik Şurasının rəisi Armen Qriqoryanla görüşdə İrəvanla Bakı arasında gərginlikdən narahatlığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun açıqlamasında deyilib.
“Sallivan ABŞ-ın Ermənistan və Cənubi Qafqazın sülhü, təhlükəsizliyi və rifahına sadiqliyini qeyd edib. O, Ermənistan və Azərbaycan arasında davam edən gərginlikdən narahatlığını bildirib və vurğulayıb ki, hərbçilərin müəyyən edilməmiş sərhədlər yaxınlığındakı fəallığı təxribat və məsuliyyətsizlikdir”, - açıqlamada vurğulanıb.
Horn görüşün harada keçirildiyi barədə ətraflı məlumat verməyib.
Amerika liderinin köməkçisi tərəflər arasında təmasların davam etdirilməsini alqışlayıb və Birləşmiş Ştatların həm ikitərəfli əsasda, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi regionda etimadın bərqərar olması tədbirlərini və nizamlanmanı dəstəkləməyə davam etməyə hazır olduğunu qeyd edib.
Ceyk Sallivan dünən Türkiyə-Ermənistan münasibətlərin normallaşdırılması prosesini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcəkləri barədə bəyanatı alqışlayıb.