Rusiyanın “sement kralı” Oleq Burlakovun 72 yaşında vəfat etməsindən sonra həyat yoldaşı, qızı, bacısı və sevgilisi arasında miras mübahisəsi yaranıb.
Teleqraf.com xəbər verir ki, 3,5 milyard dollarlıq miras mübarizəsinin mərkəzində dünyanın ən böyük yelkənli yaxtalarından biri sayılan “Qara mirvari” dayanır.
Rusiyalı oliqarx Oleq Burlakov 2021-ci ilin iyununda koronavirus səbəbindən vəfat edib. 72 yaşında dünyasını dəyişən rusiyalı milyarder geridə çox mübahisəli miras qoyub. Burlakovun 47 illik həyat yoldaşı Lüdmila (70) 2018-ci ildə ərinin özündən 50 yaş kiçik sevgilisi olduğu ortaya çıxandan sonra böyük boşanma davası ilə gündəmə gəlib. Lakin Oleq Burlakov boşanmadan əvvəl ölüb.
2004-cü ildə imzalanan notarial vəsiyyətnamədə Oleq Burlakovun 3,5 milyard avroluq sərvətinin həyat yoldaşı Lüdmila ilə cütlüyün qızı Veronika (36) arasında bölüşdürüləcəyi bildirilirdi. Lakin milyarderin ölümündən sonra ortaya çıxan 2019-cu il əlyazma vəsiyyətinə görə, mirasdan Burlakovun bacısı və sevgilisi Sofiya Şevtsova da faydalanacaq.
Enerji və sement sektorundakı fəaliyyəti ilə tanınan Oleq Burlakovun 4 qadın varisi arasında başlayan “Vərəsə davası” müzakirə mövzusu olan 3,5 milyard avroluq sərvətlə məhdudlaşmır. Mübahisəli miras arasında Monakodakı 88 milyon avroluq dəbdəbəli malikanə və 176 milyon avroluq super lüks yaxta da var.
Dünyanın ən böyük yelkənli yaxtalarından biri olan “Qara Mirvari” 107 metr uzunluğunda və 6 kabinədən ibarətdir. “Qara Mirvari” üzərindəki günəş panelləri sayəsində 20 litr yanacaqla Atlantik okeanını keçə bilib.