“Əgər Ukrayna ordusu Donbasa qarşı genişmiqyaslı hücuma başlasa, o zaman Rusiya əsaslı səbəblə sülhü təmin etmək üçün hərbi əməliyyat keçirə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin deyib.
Ekspert qeyd edib ki, Kiyevin Donbassdakı hərbi əməliyyatları 2008-ci ilin avqust hadisələrinin (Abxaziya və Cənubi Osetiyanın işğalı) təkrarlanmasına səbəb ola bilər. Onun sözlərinə görə, rusiyalı hərbçilər Cənubi Osetiya ərazisinə daxil olan zaman gürcü ordusuna təlim keçən amerikalı mütəxəssislər hərbi texnikalarını orada qoyaraq, tələsik Gürcüstanı tərk ediblər.
“Amerikalıların heç biri Saakaşvilini qorumaq üçün barmağını da tərpətmədi”, - Litovkin vurğulayıb.
Hərbi müşahidəçi bu ssenarinin Ukraynada təkrarlana biləcəyini iddia edib və deyib ki, Rusiya bu halda təkcə Donbasda yox, Ukraynanın digər bölgələrində də hərbi əməliyyatlar keçirə bilər. Onun sözlərinə görə, bu halda Qərb kifayət qədər səs-küylü siyasi bəyanatlar verəcək və yeni sanksiyalar elan edəcək, amma hərbi cavab verməyəcək.
“Ukrayna uğrunda heç kim ölməyəcək. Rusiya ordusuna NATO-dan atəş açılmayacaq. Onlar başa düşürlər ki, Rusiya nüvə-raket dövlətidir və onunla vuruşmağın mənası yoxdur. Bunu etmək üçün kliniki olaraq intihara meylli olmalısınız”, - Litovkin qeyd edib.