Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi “təhlükəsizlik razılaşmasına” dair təkliflər 2022-ci ilin əvvəllərində müzakirə ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya və ABŞ təmsilçiləri arasında ikitərəfli müzakirələrin birinci turunun gələn ilin əvvəllərində keçirilməsinə dair tərəflər arasında razılaşma əldə edilib. Müzakirələrdə iştirak edəcək şəxslərin adları da müəyyən edilib”, - Lavrov bildirib.
Rusiya tərəfinin təkliflərini həm ictimaiyyətə, həm də qarşı tərəfə çatdırdıqdan sonra tərəflər arasında kontaktların olmasına diqqət çəkən Lavrov deyib ki, mövzu ətrafında Kremlin xarici siyasət üzrə rəsmisi Yuri Uşakovla ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivan arasında danışıq baş tutub:
“Bu görüşün nəticəsi olaraq gələcək işlərin təşkili ilə bağlı razılıq əldə olunub. Rusiya və ABŞ nümayəndələri arasında ikitərəfli danışıqların ilk raundunun gələn ilin əvvəlində baş tutması razılaşdırılıb. Danışıqlarda iştirak edəcək şəxslər müəyyənləşib. Danışıqlara qatılacaq şəxslər hər iki tərəf üçün uyğundur”.
NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya əleyhinə açıqlamalarına cavab olaraq, heç kimin Rusiyanı eyham edərək Vaşinqtonun razılaşmasını poza bilməyəcəyinə işarə edən Lavrov deyib ki, Stoltenberq davamlı olaraq yersiz açıqlamalar verir: “Stoltenberq tezliklə gedəcək, səlahiyyət müddəti ilin sonunda bitir. Biz NATO üzvü deyilik və onunla müqavilə imzalamırıq. Lakin biz təhlükəsizliyin bölünməzliyi prinsipini özündə ehtiva edən daha böyük regional Avro-Atlantik sənədin imzaçısıyıq. Stoltenberq öz vəzifələrini yerinə yetirə bilmir”.