ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanı ilə bağlı CNN telekanalına Yaxın Şərqdəki güc balansına dərindən təsir edəcək və mübahisələrə səbəb olacaq məlumat sızdırıb.
Teleqraf.com xəbər verir ki, CNN-in peyk görüntüləri və kəşfiyyat mənbələrinə istinadən verdiyi xəbərdə Çindən ballistik raket alan Səudiyyə Ərəbistanının indi də Pekinin dəstəyi ilə öz ballistik raketini hazırladığı iddia edilib.
Məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurası da daxil olmaqla bir çox ABŞ rəsmi qurumu Səudiyyə Ərəbistanı ilə Çin arasında ballistik raket texnologiyası transferi ilə bağlı kəşfiyyat məlumatı alıb.
Mənbələr bu prosesin keçmiş prezident Donald Trampın dövründə başladığını, amma Tramp administrasiyasının bu məlumatı Konqresə təqdim etmədiyini və Konqres üzvlərinin bu barədə ABŞ hökumətindən kənar mənbələrdən öyrəndiyini bildiriblər.
CNN tərəfindən əldə edilən və Planet adlı şirkət tərəfindən oktyabrın 26-da və noyabrın 2-də çəkilmiş iki peyk şəkli Səudiyyə Ərəbistanının Ər-Riyadın Davadmi qəsəbəsi yaxınlığında bərk yanacaq tullantıları anbarını göstərir.
Görüntüləri CNN-ə təhlil edən Middlberi Beynəlxalq Araşdırmalar İnstitutu və kəşfiyyat rəsmiləri qeyd ediblər ki, obyektin yaxınlığındakı ballistik raket istehsalından qalan bərk yanacağın məhv edildiyi çuxurlar iddianın ən qəti sübutudur. Amma istehsal edilən raketin uçuş məsafəsi və tutumu barədə hələlik məlumat yoxdur.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Çinlə əməkdaşlıq edərək özünün ballistik raketlərini hazırlasa, Co Bayden administrasiyası bir çox məsələlərdə kompleks sınaqlarla üzləşəcək.
Regional güc balansının dəyişməsi və Çinin Səudiyyə Ərəbistanına təsirinin artması ilə yanaşı, Bayden administrasiyasının İranla davam edən danışıqlarda Tehranın ballistik raket proqramını kiçiltmək səylərinin də nəticəsiz qalacağı deyilib.
Bölgə ölkələrinin və İsrailin bu mövzuda reaksiyası da maraq doğursa da, Bayden bir çox mövzuda, xüsusən də iqlim, ticarət və pandemiya mövzusunda Çinlə əlaqə saxladığı halda, ABŞ-ın Pekin və Ər-Riyad arasında ballistik raket əməkdaşlığına müdaxiləsinin durumu bir qədər də mürəkkəbləşdirəcəyi vurğulanıb.
Mənbələr CNN-ə bildiriblər ki, Bayden administrasiyası ballistik raket texnologiyalarının transferi ilə məşğul olan bəzi Çin və Səudiyyə Ərəbistanı qurumlarına sanksiya tətbiq etməyə hazırlaşır. Amma konqresmenlər belə addımların istənilən nəticəni verməyəcəyindən narahatdırlar.