“İsrail lazım gələrsə, İranın nüvə proqramına qarşı təkbaşına da addımlar atmaq gücündədir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid deyib.
Onun sözlərinə görə, İsrail indi nüvə proqramını genişləndirən İrana qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində addım atmağa üstünlük verir.
“Beynəlxalq səylər nəticə verməsə və ya lazım gələrsə, İsaril İrana qarşı təkbaşına hərəkətə keçəcək. Artıq İranın nüvə proqramı ilə bağlı sənədləşdirilmiş faktların bir hissəsini müttəfiqlərimizə təqdim etmişik. Bu sənədlər bizim şifahi mövqeyimiz və ya ehtimalımızı əks etdirmir, bunlar İranın dünya birliyini aldatdığını sübut edən faktlardır”, - nazir bildirib.
Lapid söyləyib ki, İranın Vyana aparılan danışıqlara qatılmaqda əsas məqsədi sanksiyaların ləğv edilməsinə və bunun nəticəsində maliyyə mənbələrinə çıxışının bərpasına nail olmaqdır: “İran həmin maliyyə vəsaitlərini Hizbullah kimi terror təşkilatlarına xərcləyir”.
İsrailin baş diplomatı əlavə edib:
“İsrail İranla müsbət anlaşmanın əldə edilməsinin əleyhinə deyil. Biz sadəcə olaraq, İranın nüvə fəaliyyətinə və onun maliyyə mənbələrinə, eyni zamanda, İrana bağlı olan terror şəbəkəsinə nəzarəti təmin etməyən hər hansı bir razılaşmaya qarşıyıq”.