Ukraynanın Rusiyanın mümkün işğalına qarşı ən böyük strateji kozırı Türkiyədən satın alınan “Bayraktar” pilotsuz uçan aparatlarıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Defence One” nəşri yazıb.
“Bayraktar”ların Ukraynanın mühafizəsinin mərkəzində dayandığı bildirilən məqalədə ABŞ-ın da bu strategiyaya davamlı maliyyə dəstəyi verməsi lazım olduğu vurğulanıb.
Nə ABŞ-ın, nə də Avropa Birliyinin sərhəddə qoşun toplayan Rusiyanı geri çəkə bilməyəcəyi qeyd edilən məqalədə deyilib ki, türk PUA-ları keçən il Qarabağda 44 gün davam edən Azərbaycan-Ermənistan savaşında nə qədər təsirli olduqlarını sübut ediblər.
Bundan əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki, NATO-nun Rusiya ilə irimiqyaslı silahlı qarşıdurma hədəfi var.
Ukrayna gərginliyinin müzakirə ediləcəyi kritik sammitin qrafiki də müəyyənləşib. Rusiya yanvarın 10-da ABŞ-la, 12-də NATO ilə danışıqlara başlayacaq. Avropa Birliyi ilə geniş toplantı isə yanvarın 13-də keçiriləcək.
Yayımlanan yeni peyk görüntüləri Rusiya-Ukrayna sərhədi yaxınlığında əlavə qoşun və hərbi texnikaların yerləşdirildiyini göstərir. Görüntülərdə piyadaların döyüş maşınları, tanklar, artilleriya və hava hücumundan müdafiə vasitələrinin Krımın Bağçasaray şəhərinə hərəkəti əks olunub.