NATO və ABŞ Rusiya ilə sərhədlərdə hərbi kontingentini artırmalıdır, bu, Moskvanı Ukraynada münaqişəni daha da gərginləşdirməkdən çəkindirəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton deyib.
Bolton hesab edir ki, NATO qüvvələrinin artırılması Rusiyanı Ukraynaya və Qərblə əməkdaşlıq edən digər ölkələrə qarşı aqressiv planlarından əl çəkməyə məcbur edəcək:
“Belə olan halda rus generalları Ukraynanı işğal etmək planlarına yenidən baxa biləcəklər”.
Bolton müttəfiqləri müdafiə büdcələrini ÜDM-nin iki faizinə çatdırmaq və müdafiə qurumlarının rəhbərləri arasında əməkdaşlığı dərinləşdirməklə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb: “Qərbin müdafiə nazirləri və baş qərargah rəisləri birgə məsləhətləşmələr üçün Kiyev, Kişinyov, Tiflis və hətta Minskdə toplaşmalıdırlar”.
Keçmiş müşavir həmçinin Avropa İttifaqını Moskva öz qoşunlarını Ukrayna ilə sərhəddən çıxarana qədər Rusiyanın “Şimal axını-2” boru kəmərinin sertifikatlaşdırma prosesini və istismara verilməsini təxirə salmağa çağırıb.
Bolton əlavə edib: “Avropa İttifaqı Rusiyaya qarşı yeni təhlükəni ciddi qəbul etməlidir, çünki Rusiya ABŞ sərhədində yox, onların sərhədindədir”.