“ABŞ-ın İraqda yaratdığı keçid hökumətinin bu ölkənin keçmiş prezidenti Səddam Hüseyni mühakimə etmək hüququ yox idi”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın İraqdakı keçmiş səfiri (2002-2003) Vladimir Titorenko deyib.
“Keçid hökuməti İraq xalqı tərəfindən seçilmiş hökumət deyildi. Onu amerikalılar yaratmışdı və onun Səddam Hüseynin məhkəməsini aparmağa haqqı yox idi”, - Titorenko bildirib.
Rusiyalı diplomat əlavə edib ki, xüsusi tribunalın Hüseyni mühakimə etmək səlahiyyəti yox idi, çünki mərhum prezident silahlı qüvvələrin ali baş komandanı olub və mövcud qanunvericilik əsasında qərarlar verib.
O, İranla müharibədə kimyəvi silahdan istifadə ilə bağlı ittihamları əsassız adlandırıb. Keçmiş səfir qeyd edib ki, Səddamın bu kimyəvi silahlardan istifadə etdiyinə dair heç bir sübut yoxdur.
Bundan əvvəl amerikalılarla işləyən keçmiş iraqlı tərcüməçi anonim olaraq Səddam Hüseynin saxlanmasının təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, əməliyyatı aparan ABŞ ordusunun yanında olub. O bildirib ki, bazarda işləyən bir mühafizəçinin müşahidəsi nəticəsində Səddam Hüseynin yeri müəyyən edilib. Səddam Əl-Mabar bölgəsindəki fermada tapılıb.
Səddam Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib. O, ABŞ-ın İraqa kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə hərbi müdaxiləsi nəticəsində həbs olunub, amma bu silahların ölkədə mövcudluğu təsdiqini tapmayıb.