Türk dronlarına qarşı çarə tapmağa çalışan Yunanıstan mətbuatı orduya yeni döyüş taktikaları ilə bağlı tövsiyələr verib və real silah sistemləri ilə eyni vaxtda istifadə oluna bilən şişirdilmiş modellərin təcili olaraq tətbiq edilməsini istəyib.
Teleqraf.com xəbər verir ki, Türkiyəyə qarşı silahlanma yarışına girən Yanıstanın çarəsizliyi ortaya çıxıb.
Afina hökumətinin Türkiyə ilə rəqabət apara bilməyəcəyini anlayan yunan mətbuatı gülünc bir təklif irəli sürüb.
Yunan ordusuna məsləhət verən ölkə mətbuatı tətbiq edilməli olan yeni müharibə taktikasından yazıb.
Məqalədə aşağıdakı ifadələr yer alıb: “Qələbə əldə etmək üçün mühüm element düşməni aldatmaqdır. Zenit, motorlu və qoşqulu artilleriya, tanklar, tank əleyhinə və minaatan mərmiləri kimi əsas silah sistemlərinin şişirdilmiş maketləri bizim döyüş qüdrətimiz baxımından düşməndə dəhşətli çaşqınlıq yaradacaq. Bu planın təsirini daha da artıra biləcək şey, bu şişmə modellərin eyni yerdə və zamanda real silah sistemləri ilə birlikdə hərəkəti və istifadəsidir”.
Bu taktika ilə Türk dronlarına əsl silah sistemləri və şişirdilmiş modelləri anlamaq fürsəti verməyəcəklərini ifadə edən yunan mətbuatı “Silah sistemlərimizin maketlərinin hərəkətinə gəlincə, bu, eynilə sensorlar tərəfindən idarə olunacaq” ifadəsini işlədib.
Təcili olaraq şişmə modellərin hazırlanması lazım olduğu bildirilən xəbərdə, yerləşdirmə və daşınma ilə məşğul olacaq bir bölmənin ən qısa zamanda yaradılması təklif edilib.