Qazaxstanın Manqistau vilayətinin şəhərlərində etirazçılar yolları bağlayıb, hökumətin, eləcə də vilayətin rəhbəri Nurlan Noqayevin istefasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat verib.
Məlumatda qeyd edilir ki, qazın qiyməti 35 təngəyə (14 qəpik) endirilsə belə, etirazçılar bununla razılaşmayacağını elan edirlər.
Bundan başqa Aktauda etirazçılar yerli administrasiya yaxınlığındakı meydana toplaşaraq qazın qiymətinin aşağı salınması tələblərini səsləndirirlər. Polisin etirazçıları şəhər meydanından sıxışdırmağa çalışdığı bildirilir.
Şahidlər həmçinin Aktau hava limanına iki hərbi təyyarənin eniş etdiyini iddia edirlər. Janaozen və Aktauda etirazçılara Qazaxıstanın digər şəhərlərinin sakinləri də qoşulub.
Ölkənin müxtəlif bölgələrində təhlükəsizlik orqanları etiraz aksiyalarına çıxan və ya çıxmağı planlaşdıran ən azı 70 nəfəri saxlayıb. Onların arasında bir il əvvəl koloniyadan azad edilmiş fəallar da var.
Yanvarın 2-də Janaozendə yeni ildən yanacaqdoldurma məntəqələrində yanacağın qiymətinin artırılmasına qarşı mitinq başlayıb. Şəhərin mərkəzinə toplaşan yüzlərlə insan, əsasən də avtomobil sürücüləri qazın qiymətinin 120 təngədən 50-60 təngəyə endirilməsini tələb ediblər.
Həmin gün yaxınlıqdakı kəndlərin və Aktau şəhərinin sakinləri aksiyaya qoşulub. Energetika Nazirliyi qazın qiymətinin bahalaşmasını maye qaz istehsalçılarının 2022-ci il yanvarın 1-dən neft məhsullarının elektron (birja) ticarətinə keçməsi ilə izah edib. Nazir Maqzum Mirzəqaliyev etirazçıların tələblərini tam təmin etmək, yəni qiymətləri 50 təngəyə endirilməsi imkanını görmədiyini bildirib.