Pakistan Prezidenti Arif Alvi Hindistanın Kəşmirdə insan haqlarını pozmasının qarşısını almaq məqsədilə dünyaya çağırış edib.
Teleqraf.com xəbər verir ki, Pakistan liderinin çağırışı BMT-nın Hindistan və Pakistan Komissiyasının (UNCIP) 5 yanvar 1949-cu il tarixli qərarının ildönümünə təsadüf edib.
Arif Alvi dünyanı Hindistanı Cammu və Kəşmirdə insan haqları pozuntularına görə məsuliyyətə cəlb etməyə çağırıb və beynəlxalq ictimaiyyətdən bu problemin dinc və sağlam həlli üçün öz rolunu oynamağa dəvət edib.
Baş nazir İmran Xan Cənubi Asiyada davamlı sülhün Kəşmir probleminin beynəlxalq legitimlik əsasında sülh yolu ilə həllinə bağlı olduğunu vurğulayaraq, dünyanın Kəşmir xalqına qarşı mənəvi və hüquqi məsuliyyətlərindən əl çəkə bilməyəcəyinə diqqət çəkib.
İmran Xan Hindistanın 900 min əsgərinin iştirakı ilə Kəşmiri dünyanın ən böyük açıq hava həbsxanasına və hərbiləşdirilmiş zonasına çevirdiyini söyləyib. O, Hindistanın Kəşmirdə insanlığa və xalqa qarşı müharibə cinayətlərinə görə BMT-dən tədbir görməsini tələb edib.
Xarici işlər naziri Şah Mahmud Qureşi deyib ki, BMT Kəşmir xalqına öz müqəddəratını təyin etmək vədinə əməl etməlidir.
Məlumat üçün qeyd edək ki, İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çıxdığı zaman knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qalıb. Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistanın tərkibinə qatılmasının tərəfdarı olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verib. Müsəlman Kəşmir xalqı bu qərara qarşı çıxıb. Tərəflər ilk dəfə 1947-ci ildə bölgəyə qoşun yeridib. Eyni səbəbdən 1965 və 1999-cu illərdə iki ölkə arasında müharibə baş verib. Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faizlik hissəsi isə Çinə verilib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1948-ci ildən bəri qəbul etdiyi qətnamələrlə Kəşmirin demilitarizasiyasını və gələcəyinin xalqın səsverməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur.
Hindistan administrasiyası referenduma qarşı mövqe nümayiş etdirsə də, Pakistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini istəyir.