ABŞ-dakı “Empire State Building” binasının hündürlüyündən 2.5 dəfə böyük olan 1 kilometr uzunluğundakı nəhəng asteroid gələn həftə Yer kürəsinin yaxınlığından keçəcək.
Teleqraf.com xəbər verir ki, müntəzəm yaxın keçidlərinə görə “potensial təhlükəli asteroid” kimi təsnif edilən nəhəng göy cismi yanvarın 18-də Yerə ən yaxın nöqtəsinə çatacaq.
Yerdən 1.93 milyon kilometr uzaqdan keçəcək asteroidin dünya ilə toqquşma riski olmayacaq. Amma bu yaxın səyahət astronomlara Apollon asteroid qrupuna aid olan asteroidi öyrənməyə imkan verəcək.
Asteroid təxminən saniyədə 19.56 kilometr sürətlə hərəkət edəcək, yəni gecə səmada ulduz kimi görünəcək.
1994 PC1 adlı asteroid 1994-cü ildə avstraliyalı astronom Robert Maknaut tərəfindən kəşf edilib.
Nəhəng asteroidin Yerə sonuncu yaxınlaşması 89 il əvvəl - 17 yanvar 1933-cü il tarixində baş verib. Növbəti yaxınlaşma 2105-ci il yanvarın 18-də olacaq.