İsrail Xarici Kəşfiyyat Xidməti Mossadın Pakistana nüvə silahı hazırlamaqda kömək edən Almaniya və İsveçrə şirkətlərinə aid bəzi binaları bombaladığı və bu şirkətləri telefonla təhdid etdiyi iddia olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşr Pakistanın 1980-ci illərdə nüvə silahı materialları istehsal etmək üçün İranla işlədiyini iddia edib.
ABŞ-ın o zamankı prezidenti Cimmi Karter 1981-ci ildə Pakistanın bu layihəsinə texniki dəstək verən İsveçrə və Almaniya şirkətlərinə diplomatik xəbərdarlıq göndərib. Karterin xəbərdarlığından aylar sonra, 1981-ci il fevralın 20-də Almaniyanın “Cora” mühəndislik şirkətinin yüksək vəzifəli əməkdaşının evi, mayın 18-də isə Almaniyanın Markdorf şəhərində başqa bir mühəndislik şirkəti “Walischmiller”-in fabrik binası bombalanıb.
Bundan başqa, noyabrın 6-da İsveçrənin Sürix şəhərində nüvə layihəsinin müəllifi kimi tanınan pakistanlı mühəndis Əbdül Qadir Xanla danışıqlar aparan alman mühəndis Haynts Mebusun ofisində partlayış baş verib.
Partlayışlardan sonra naməlum şəxslər Pakistanın nüvə silahı istehsalına dəstək verən digər İsveçrə və Almaniya şirkətlərini telefonla hədələyiblər.
Qəzetdə yer alan xəbərdə Pakistanın nüvə silahı əldə etməsinin İsrail üçün təhlükə yaratdığı, bomba hücumları və telefon təhdidlərinin arxasında Mossadın olduğu ehtimalının olduğu deyilib.
İsveçrəli tarixçi və kəşfiyyat eksperti Adrian Hanni qəzetə bildirib ki, bomba hücumlarını Mossadın planlaşdırması mümkündür, lakin hələlik bunu sübut edəcək qəti dəlil yoxdur.
Əvvəllər adı heç kimə məlum olmayan “Cənubi Asiya Nüvə Silahlarına Qarşı Mübarizə Təşkilatı” 1981-ci ildə Almaniyada baş verən partlayışlara görə məsuliyyət daşıyırdı. Hadisələrdən sonra bu təşkilatdan bir daha xəbər alınmayıb.