Kriminal dairələrdə Arman Dikiy kimi tanınan qazax avtoritet Arman Cumaqaldıyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində canlı yayımda bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başındadır.
Arman Dikiy bildirib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb.
“Bu mitinqdir? Bu, xaos, anarxiyadır”, - kriminal avtoritet qeyd edib.
Arman Dikiy Qarabağdakı 44 günlük müharibə zamanı da gündəmə gəlmişdi. O, Ermənistanla müharibədə Azərbaycan ordusuna dəstək vermişdi.
“Allah Dağlıq Qarabağda Azərbaycana, bütün türklərə zəfər versin”, - Arman Dikiy demişdi. O, bundan sonra üzərində türk dövlətlərinin: Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın bayraqlarının təsvir olunduğu tortu kəsmişdi.
Arman Dikiy və mərhum azərbaycanlı “qanuni oğru" Lotu Quli (Nadir Səlifov) dost idi.