“İndi çox insan deyir ki, Nazarbayev qaçıb, Tokayev və onun arasında ziddiyyətlər var, elbası proseslərdən kənardadır və s. Amma mən Nazarbayevin harasa getdiyinə inanmıram. Gedibsə də, kənardan prosesləri idarə edir. Tokayev onun nəzarəti altında olan şəxsdir. Tokayev formal bir fiqurdur, yəni hələ də əsas rolu Nazarbayev oynayır. Sadəcə olaraq, müvəqqəti olaraq kənara çəkilib”.
Politoloq Azər Qasımlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qazaxıstandakı gərginlik səngimək bilmir. Üstəgəl, Rusiyanın “KTMT sülhməramlıları” adı altında Qazaxıstana ordu yeritməsi də müzakirə mövzusudur. Sizcə, Qazaxıstan başçısı Kasım-Jomart Tokayev niyə Rusiyadan hərbi yardım istədi? Halbuki baş verənlərə qarşı Qazaxıstanın daxili hərbi gücü hesabına tədbir görməyin mümkünlüyü də deyilir.
- Gedişatdan görünən budur ki, Qazaxıstan iqtidarı etiraz edənləri sakitləşdirə bilmədi və güc strukturları əmrlərə tabe olmadı. Bir ehtimal da budur ki, güc strukturları – ordu və polis onlara tabe olmaya bilər. Bunun da daxildə parçalanmaya yol açması mümkündür və böyük ehtimalla artıq bu başlayıb. Yəni situasiyanı və ya özlərini qarantiya altına almaq üçün KTMT-yə, konkret olaraq Rusiyaya müraciət etdilər.
Başqa bir yol da var idi: ölkəni qoyub qaçmaq. İkinci varinat da var idi: ictimaiyyətə demokratik islahatların keçiriləcəyini, konstitusiyanın dəyişəcəyini, siyasi məhbusların azad olunacağını və müxalifətə sərbəst fəaliyyətin veriləcəyinə dair açıqlama vermək. Bu, cəmiyyəti müəyyən qədər sakitləşdirə bilərdi. Hər bir halda yaxın perspektivdə hakimiyyətdən getmək məcburiyyətində qalacaqdılar, bunu anlayırdılar. Amma onlar xarici hərbi qüvvələri çağırıb öz xalqına divan tutmağı hakimiyyətdən getməkdən üstün tutdular. Vaxtilə Tunis və Misirdəki rejimlər də xaricdən belə yardım istəmişdilər. Bu yardım olundu, amma axırda ölkədən qaçmaq məcburiyyətində qaldılar.
- Bu iğtişaşlar əvvəlcədən planlaşdırılmışdımı? Qazaxıstan və Rusiya hökumətlərinin rəsmi şəxsləri baş verənlərə görə xarici qüvvələri, daha dəqiq desək, Qərbi ittiham edirlər.
- Tokayev çıxışlarında baş verənlərə görə Qərbi ittiham etməyib. Eyni zamanda, mətbuatda belə yazırlar ki, “Tokayev Nazarbayevi istefaya göndərib”. Halbuki o, çıxışında Nazarbayevin adını çəkməyib. Sadəcə onu deyib ki, bu andan etibarən Qazaxıstan Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsini o daşıyır. Sanki onun adını çəkməməklə “artıq Nazarbayev gedib” təəssüratını yaratmağa çalışırdı. Sözsüz ki, bunu insanları sakitləşdirmək üçün etdi. Yəni Tokayev nə Nazarbayevin adını çəkib, nə də onun istefaya göndərildiyini deyib. Üstəgəl, konstitusiyaya görə, Nazarbayevi istefaya göndərə və onun vəzifəsinə gələ bilməz.
Eyni zamanda, Tokayev baş verənlərə görə Qərbin adını çəkməyib. O, sadəcə olaraq bildirib ki, 20 min terrorçu Qazaxıstana soxulub və proseslər xaricdən idarə olunur. Amma kimin və necə idarə etdiyini deməyib. Ruslar isə deyiblər, Qərbi, konkret olaraq ABŞ-ı günahlandırıblar ki, onlar orada iğtişaş törədirlər, müdaxilə edirlər və s. Rusların faktlarına gəldikdə, əgər belə faktları varsa, ortaya qoysunlar. Hər halda nə ruslar, nə də Qazaxıstan iqtidarı ortaya fakt qoya bilirlər.
Bu günlərdə Qazaxıstanda bir birabırçı olay da diqqət çəkdi. Qırğızıstandan Qazaxıstana qastorla gələn bir cazmeni tutub döydülər, üstünə şərt atdılar ki, guya o, bu iğtişaşlarda iştirak etmək üçün bura pul müqabilində gəlib. Bunu da Qazaxıstan dövlət televiziyasında yayımladılar. Yəni əgər Tokayev “20 min terrorçu”dan danışırsa, o zaman bunun “sübut”u göstərilməlidir. “Sübut”u da bu şəkildə təqdim edirlər. Olaydan sonra Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstana nota verdi ki, o, bizim vətəndaşdır, cazmendir, terrorçu deyil.
Qərbə olan ittihamlara gəldikdə, bununla bağlı da fakt ortaya qoya bilmirlər. Bunu təkcə Qazaxıstanda yox, Ukrayna və digər ölkələrdə də edə bilmədilər.
- Qazaxıstandakı olaylara münasibət bildirən ABŞ Dövlət katibi Entoni Blinken isə Rusiya Prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək istədiyini dedi. Sizcə, bu mümkündürmü?
- Planı ola bilər, böyük ehtimalla belə istəyi var. Özü dəfələrlə SSRİ-nin dağılmasını “böyük fəlakət” adlandırıb. Əlbəttə, bir sənin istəklərin, bir də reallıqlar var. İnanmıram ki, reallıqda SSRİ-ni bərpa etmək mümkün olsun. Konseptual olaraq, bu, mümkün deyil. Çünki dünya da, post-sovet məkanı da dəyişib. Yəni bir daha ölkələrin müstəqilliklərini əllərindən almaq, kommunist sistemini yenidən bərpa etmək mümkün deyil. Klassik SSRİ olmayacaq. Qazaxıstan, Belarus və Rusiya, irəlidə ola bilsin ki, Qırğızıstan, Tacikistan və Özbəkistan bir ittifaqda olsunlar. Məsələn, Gürcüstan, Moldova və Ukraynanı bu birliyə qatmaq ümumiyyətlə mümkün deyil. İnanmıram ki, Azərbaycan və Ermənistan da buna razı olsunlar. Azərbaycan olaraq, hər şeyi etməliyik ki, bu olmasın. Türkmənistanın da buna müsbət yanaşacağını düşünmürəm.
Bir sözlə, konseptual olaraq klassik SSRİ-nin bərpası mümkün deyil. Qənaətimə görə, bu mövzu ətrafında manipulyasiya etməyə çalışırlar. Bu məsələni gündəmə gətirməklə Rusiya daxilində dividentlər qazanıb öz hakimiyyətlərinin müddətini uzatmağa çalışa bilərlər. Bunun da ciddi perspektivini görmürəm. Düşünürəm ki, NATO, ABŞ və Avropa Birliyi buna imkan verməyəcək. Bu ideya reallıqdan çox uzaqdır.
- Rusiyanın Qazaxıstan və digər bir sıra keçmiş sovet respublikalarına qarşı atdığı addımları “bumeranq effekti” verə bilərmi?
- Bu mümkündür. Gözləyirəm ki, Qazaxıstanda güc strukturları xalqla birləşib, bu iqtidara qarşı çıxsınlar. Bəllidir ki, güc strukturlarının hamısı bu prosesin içində olmaz, amma onların içində də parçalanma ola bilər. İnanıram ki, güc strukturları irəlidə ölkədə baş verənlərə etiraz edəcəklər. Yəni Qazaxıstan daxilində həm Nazarbayev-Tokayev tandeminə, həm də KTMT-yə qarşı ayaqlanmanın olacağını gözləyirəm.
İndi çox insan deyir ki, Nazarbayev qaçıb, Tokayev və onun arasında ziddiyyətlər var, elbası proseslərdən kənardadır və s. Amma mən Nazarbayevin harasa getdiyinə inanmıram. Gedibsə də, kənardan prosesləri idarə edir. Tokayev onun nəzarəti altında olan şəxsdir. Tokayev formal bir fiqurdur, yəni hələ də əsas rolu Nazarbayev oynayır. Sadəcə olaraq, müvəqqəti olaraq kənara çəkilib. KTMT və ya Rusiya qoşunlarını da öz adını ləkələməmək üçün Tokayevin adıyla çağırıb. Düşünürəm ki, Nazarbayev yerində qalır. Onun siyasətdən getdiyini demək hələ tezdir. Təbii ki, xalq da onu istəmir. Heç kim Tokayevi istefaya çağırmır, hamı deyir ki, Nazarbayev getməlidir.