ABŞ Quru Qoşunları Komandanlığı xüsusi təyinatlı qüvvələrə yeni qatılan hərbçilərə partizan müharibəsi ssenarisində sınaqdan keçirmək üçün Şimali Karolina və Cənubi Karolinada döyüş təlimi keçirəcək.
Teleqraf.com xəbər verir ki, “Robin Sage” adlı təlimin yanvarın 22-dən fevralın 4-dək keçiriləcəyi bildirilib və ABŞ Quru Qoşunlarının Con Kennedi adına Xüsusi Hərb Məktəbinin kursantlarının təlimə qatılacağı qeyd edilib.
Qeyri-ənənəvi döyüş təlimlərinin Şimali Karolina və Cənubi Karolinada keçiriləcəyi bildirilib.
Fort Braqqdakı qoşunların hərbçiləri də təlimə dəstək verəcək.
Məlumata görə, hərbçilər azadlıq uğrunda mübarizə aparan partizanlar kimi əməliyyat planlarını icra edəcəklər.
Bu təlimlə bağlı asayiş keşikçilərinin məlumatlandırıldığı, mülki şəxslər və asayiş keşikçilərinin hərbçilərlə qarşılaşdıqda əməl etməli olduqları prosedurla bağlı məlumatlandırılacağı bildirilib.
ABŞ “2018-ci il Milli Təhlükəsizlik Strategiyası” adlı sənədə əlavə olaraq, “2020-ci il Qeyri-ənənəvi Müharibə Strategiyası” adlı sənəd hazırlayıb.
Sənəddə qeyri-ənənəvi müharibə “ölkələrin xalqlarını təsir altına almaq və legitimlik qavrayışını dəyişdirmək məqsədilə dövlət və qeyri-dövlət subyektləri arasında aparılan mübarizə” kimi xarakterizə olunub. 740 milyard ABŞ dolları olan 2021-ci il müdafiə büdcəsində xüsusi təyinatlı qüvvələrin qeyri-ənənəvi müharibələrdə Amerikanın tərəfdaşlarını dəstəkləmək səlahiyyətləri artırılıb.