12 Yanvar 2022 14:36
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və ABŞ arasında təhlükəsizlik sahəsində danışıqlar davam etdirilir. Mən yaxın dönəm üçün bu danışıqlarda ciddi nəticə gözləmirəm. Ən azı ona görə ki, Moskva ciddi və radikal tələblər irəli sürüb. Bu, özlərinin dediyi kimi Rusiyanın qırmızı xəttinə hörmət edilməsi, NATO-nun şərqə doğru genişləndirilməsinin dayandırılması, daha dəqiq Rusiya xarici işlər nazirinin müavini Ryabkovun dili ilə desək, NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsi tələbi irəli sürülüb. Bunlar qeyri-real təkliflərdir və Qərb tərəfindən qəbul edilməyəcək”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov hazırda təhlükəsizlik sahəsində davam edən Rusiya-ABŞ müzakirələri haqqında danışarkən deyib.

Politoloqun qənaətincə, ABŞ tərəfi tamam fərqli mövqeni gündəmə gətirir, ABŞ və bəzi ölkələr tərəfindən Ukraynanın NATO-ya üzvlüyünə dair müxtəlif təkliflər səsləndirilir:

“Ən azı NATO+ formatı təklif edilir. Bu baxımdan Rusiyanın sərt və radikal tələblərinin qəbul ediləcəyi ehtimalı yoxdur. Amma hər halda tərəflər ən azından qarşılıqlı şəkildə nüvə silahından istifadə edilməyəcəyinə dair təminatlar verirlər. Məncə, bu müsbət haldır”.

O.Qasımov qeyd edib ki, ABŞ və NATO problemləri diplomatik formada yoluna qoymaqda maraqlıdır:

“Lakin bu proses uzun zaman aparacaq. Rusiya faktiki olaraq 1945-ci il Yalta konfransını, yəni dünyanın bölüşdürülməsi üçün Yalta-2-ni təklif edir. Bu da ABŞ və Qərb tərəfindən qəbul ediləcək təklif deyil. Amma proses diplomatik yöndə davam edəcək. Hansısa formada razılığa gəlmək olar, lakin bu, tezliklə mümkün deyil. Ən azı hər bir tərəf irəli sürdüyü tələblərdən güzəştə getməlidir. İndiki halda Rusiyanın tələblərində güzəştə gedəcəyi hələlik görünmür”.

Politoloq ehtimal edir ki, iki böyük güc arasında razılaşma olmasa proseslər olduğu kimi davam edəcək:

“Bu saat ABŞ-ın əsas prioriteti müttəfiqlərini ətrafında daha sıx birləşdirmək və öz nüfuzunu qorumaq üçün Ukraynanı müdafiə etməkdir. Bunun başqa yolu yoxdur. Əgər Qazaxıstanda olduğu kimi Ukraynada da Rusiya sərbəst hərəkət edərək ora müdaxilə etsə, bu, NATO başda olmaqla Qərbin nüfuzuna ciddi zərbə olacaq. Bu yəqin ki, Qərb dairələri tərəfindən yaxına buraxılmayacaq ssenaridir”.


Müəllif: Nemət

Oxşar xəbərlər