14 Yanvar 2022 10:28
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırmaq üçün ilk uğursuz cəhddən sonra bu gün yeni proses başlayır. Türkiyənin xüsusi nümayəndəsi səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Moskvada görüşür.

Teleqraf.com xəbər verir ki, Azərbayanın Qarabağda erməni işğalına son qoyması ilə başlayan yeni prosesdə Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması gündəmə gəlib.

Bu çərçivədə iki ölkənin təyin etdiyi xüsusi nümayəndələr bu gün Rusiyanın paytaxtı Moskvada ilk dəfə müzakirə aparacaq.

Bugünkü görüşdən əvvəl Ermənistan türk mallarının idxalına qoyulan qadağanı aradan qaldırmaqla xoşməramlılıq nümayiş etdirdiyi mesajını verib. Türkiyə həmçinin Ermənistanın “Flyone Armenia” aviaşirkətinə fevralın 2-dən etibarən İrəvan-İstanbul reyslərinə başlamaq üçün icazə verib. Bu hadisələr normallaşmada iqtisadi münasibətlərə üstünlük veriləcəyini göstərir.

Hər iki ölkənin nümayəndələri bu gündən əvvəl ölkələrinin mövqelərini açıqlayacaqlar. Müsbət mənzərənin olması halında, Gümrü-Qars dəmir yolu ilə quru sərhəd qapısının açılması ən vacib mövzu olaraq görülür.

Ekspertlər bu qənaətdədirlər ki, erməni tərəfi müsbət gündəmi korlamamaq üçün 1915-ci il hadisələrini gündəmə gətirməyəcək. Fransanın AFP xəbər agentliyi bugünkü danışıqlardan əvvəl Ermənistan hökumətinin “soyqırımı iddiaları”nın gündəmdən çıxarılmasını təklif etdiyini yazıb.


Müəllif: Nemət

Oxşar xəbərlər