Şimali Koreya yeni raket sınağı keçirdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu, Pxenyanın 2022-ci ildə faktiki dördüncü nüvə raketi sınağıdır.
BMT-nin sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına rəğmən raket proqramını davam etdirən Şimali Koreyanın yeni sınaq keçirdiyi bildirilib. Yaponiya hökuməti Pxenyanın bu gün 2 yeni raket atdığını açıqlayıb. Pxenyandakı Sunan hava limanı bölgəsindən havaya qalxdığı təxmin edilən raketlərin yerli vaxtla 08:49 və 08:52-də buraxıldığı, Cənubi Koreya Baş Qərargahının isə raket sınağını təsdiqlədiyi qeyd olunub.
Raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü hesab edildiyini ifadə edən Yaponiya Müdafiə naziri Nobuo Kişi ətraflı araşdırmaların davam etdiyini bildirib. Kişi qeyd edib ki, raketlərin normal trayektoriyaya getdikləri təqdirdə təxminən 300 kilometr uça biləcəyi təxmin edilir, maksimum yüksəklik isə 50 kilometr olaraq qiymətləndirilir.
Pxenyan rəhbərliyi bu ayın əvvəlindən 3 dəfə raket sınağı həyata keçirib. Yanvarın 5-i və 11-də gələcəyin müdafiə texnologiyası kimi göstərilən hipersəs raketlərinin sınaqdan keçirildiyi məlum olub. Yanvarın 14-də növbəti sınaq keçirən Pxenyan ölkənin dəmir yolu əsaslı raket imkanlarını sınaqdan keçirmək üçün keçirilən təlim çərçivəsində iki raketin atıldığını təsdiqləyib. Son sınaq Şimali Koreyanın bu ay dördüncü raket sınağı kimi qeydə alınıb.