18 Yanvar 2022 09:40
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna böhranına İngiltərə də daxil olur. İngiltərənin Müdafiə naziri Ben Uolles mümkün rus işğalına qarşı Ukraynaya daha çox müdafiə üçün silah verəcəklərini və hərbçilərinə təlim keçəcəklərini elan edib.

Teleqraf.com xəbər verir ki, nazir Rusiyanın hazırlıq səviyyəsinin ən yaxşı halda sabitliyi pozan atmosferə, ən pis halda isə münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bildirib ki, Moskvanın getdikcə daha çox təhdid edən davranışı fonunda Ukraynaya yeni dəstək veriləcək.

“Biz Ukraynanı yüngül tank əleyhinə müdafiə silahları ilə təchiz etmək qərarına gəldik. Az sayda britaniyalı personal Böyük Britaniyaya qayıtmazdan əvvəl “Orbital” əməliyyatı çərçivəsində qısa müddət ərzində ilkin mərhələdə təlim keçəcək”, - Uolles deyib.

Nazir bəyan edib ki, Ukrayna öz sərhədlərini müdafiə etmək hüququna malikdir və bu yeni yardım paketi onun bu imkanlarını daha da artıracaq:

“Açıq desək, bu dəstək qısamənzilli və müdafiə məqsədli silahlardır. Bunlar strateji silahlar deyil və Rusiya üçün təhdid yaratmır. Qanuni müdafiə üçün istifadə ediləcək. Rusiya Ukraynada hər hansı sabitliyi pozan addım atarsa, dərhal beynəlxalq sanksiyalar paketi işə düşəcək. Moskva ilə hazırkı durumda münasibətlər qurmaq çətindi. Diplomatiyanın qalib gələcəyinə ümid edirik. Diplomatiyanı yoxsa münaqişəni seçəcəyi prezident Putinə bağlıdır”.

Bundan başqa Böyük Britaniyanın müdafiə naziri rusiyalı həmkarı Sergey Şoyqunu qarşılıqlı təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Londona dəvət edib.


Müəllif: Nemət