Rusiya və Belarus gələn ay birgə təlim keçirəcək.
Teleqraf.com xəbər verir ki, hərbi təlimlərin Belarus-Ukrayna-Polşa sərhədlərinin kəsişməsində, ölkənin cənub-qərbində keçirilməsi planlaşdırılır.
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin hərbi qurumlarının rəhbərləri ilə Rusiya ilə birgə hərbi təlim planı ilə bağlı görüş keçirib. Lukaşenko bildirib ki, Polşa və Baltikyanı ölkələr, o cümlədən ABŞ qoşunları ölkəsinin qərb sərhədlərinə 30 mindən çox hərbçi və texnika yerləşdirib. O, Polşanın bölgəyə əlavə hərbi texnika yerləşdirmək üçün NATO-ya müraciət etdiyini bildirib.
“Bu, niyə edilir? Bunun nəticələri ola bilər. Onlar ciddi bir şeyə hazırlaşırlar”, - prezident qeyd edib.
O, bölgə ölkələrində ABŞ hərbçilərinin olmasına da diqqət çəkib:
“Polşa və Baltikyanı ölkələrdə 8-10 min ABŞ əsgəri var. Amerikalılar burada nə etmək istəyirlər? Əgər siz bura uzaqdan gəlmisinizsə, onda niyə bizi Rusiya ilə hərbi təlimlər keçirməkdə günahlandırırsınız? Bəzi aqressiv insanlar açıq şəkildə müharibəyə çağırışlar edirlər”.
Belarusun cənub sərhədlərindəki vəziyyətin narahatlıq doğurduğuna diqqət çəkən Lukaşenko Ukrayna tərəfində hərbi birləşmələrin artdığını bildirib: “Ukrayna sərhədlərimizə yaxın radikal millətçilərdən ibarət milli qvardiya dəstələri cəlb etməklə öz qüvvələrini artırmağa davam edir”.