“Bir söz var: mən müsəlman deyiləm, katolikəm, həyat yoldaşım müsəlmandır. İstər Avropa İttifaqında olsun, istərsə də Albaniyada Türkiyə ilə aramızdakı münasibətlər heç kəsi narahat etməsin”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Albaniya Baş naziri Edi Rama deyib.
Baş nazir Albaniyanın həmişə Türkiyə ilə yaxın əlaqələrinin olduğunu bildirib:
“Hər yer bağlı olanda da Albaniyanın Türkiyə ilə əlaqələri olub. Türkiyə ilə əlaqələr çox qədimlərə gedib çıxır. Cənab Prezident Ərdoğanla aramdakı münasibətə gəlincə, narahat olacaq bir şey yoxdur. Verilən şərhlərin hamısı gülüncdür. Bunu ancaq konspirasiya nəzəriyyəsi irəli sürənlər edirlər. Bununla belə, xüsusilə Avropa İttifaqı daxilində bu şərhləri ciddiyə alanlar da var. Bəzi şeylər var ki, onları pozmaq olmur. Prezident Ərdoğanın hökumətindən başqa bir ölkə tanımıram ki, bizim üçün xüsusi görüş təşkil edərək bizi dəstəkləsin. Ayrıca, Türkiyə Albaniyanı dövlət kimi tanıyan ilk ölkələrdən biridir. Bunu yanımdakı cənab (Ərdoğan) etdi.
Konspirasiya nəzəriyyəsi bir yana qalsın, Türkiyənin bölgədəki rolu dəyişməz və bənzərsizdir. Bu, şübhəsiz ki, çox konstruktiv roldur. Bu, sülhü təşviq edən konstruktiv roldur. Başda Türkiyə olmaqla prezidentin üstünə salınan kölgələr hamısı ssenaridir. Bunlar müxtəlif düşüncələrin ssenariləridir, reallığa uyğun gəlmir. Bu, mənim üçün imtiyazdır. Kiçik bir ölkənin baş naziri kimi Ərdoğanla bu qədər tez-tez görüşmək bir imtiyazdır. Onunla görüşlərimdə heç vaxt onu mənə dərs verən müəllim kimi görməmişəm”.
Edi Rama bildirib ki, Ərdoğanın mövqeyi heç vaxt onu çətin vəziyyətə salmayıb:
“Bizim belə bir münasibətimiz olmayıb. Əksinə, qarşılıqlı hörmət var. Bunlar vacib şeylərdir. Mənim üçün özəl gündür. Bu qədər açıq deməmişəm, beynəlxalq aləmdə çox da rast gəlinmir ki, həmişə xeyirxah işə “bəli” deyən liderlərlə görüşəsən, onları asanlıqla tapa bilməzsən. Əsl lider tapmaq asan deyil. Ərdoğan dediyini edən yeganə insandır”.