Qazaxıstanda 600-dən çox iğtişaşçı həbsdən azad edilib
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Baş Prokurorluğunun rəsmisi Azamət Sarqazin keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, dövlət başçısı Baş Prokurorluğa bu günlərdə müxtəlif cinayətlərə görə saxlanılan şəxslərin təqsirinin dərəcəsinin müəyyən edilməsi, ağırlaşdırıcı hallar olmadığı halda isə cəzanın yüngülləşdirilməsi barədə göstəriş verib.
“Ümumilikdə, bu hadisələrlə bağlı məhkəmələr tərəfindən 8354 inzibati işə baxılıb. Məhkəmə və prokurorlar tərəfindən yüngülləşdirici hallar və təqsirkarların peşmançılıq hissi nəzərə alınır. 3337 cinayət törətmiş şəxsə həbs və ya cərimə cəzası tətbiq edilməyib,1653 iş üzrə yalnız xəbərdarlıq olunub. Hazırda 1002 nəfər həbsdədir”, - Azamət Sarqazin bildirib.
Baş Prokurorluğun rəsmisi əlavə edib ki, məhkəmənin təyin etdiyi cəzaların yüngülləşdirilməsi üçün prokurorlar tərəfindən apellyasiya məhkəməsinə 1758 vəsatət verilib: “Bu günə kimi 676 vətəndaş həbsdən azad edilib. 344 nəfərin cəriməsi xəbərdarlıqla əvəz olunub. 738 nəfər prokurorun cəzanın yüngülləşdirilməsi və cərimənin xəbərdarlıqla əvəz edilməsi ilə bağlı təqdimatına baxılır”.
Bundan başqa, onun sözlərinə görə, daha 358 inzibati iş üzrə materiallar məhkəməyə göndərilmədən xitam verilib: “Yuxarıdakı məlumatlardan da göründüyü kimi, məhkəmənin qərarı ilə inzibati həbs edilmiş şəxslərin əksəriyyəti azadlığa buraxılıb”.
Bununla yanaşı, o əlavə edib ki, ağır və xüsusilə ağır cinayətlər üzrə 695, o cümlədən terror aktları ilə bağlı 44, qətllər üzrə 15, təbliğat və hakimiyyəti ələ keçirməyə çağırışlar üzrə 6 iş üzrə ibtidai istintaq başlayıb: “780 şübhəli saxlanılıb, onlardan 695-i məhkəmənin qərarı ilə həbs edilib. Bir daha qeyd etmək istəyirəm ki, bu işlər ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. O cümlədən, bütün saxlanılan şəxslərə vaxtında hüquqi yardım göstərilir”.