19 Yanvar 2022 10:29
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bütün variantların masada olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Psaki Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyi bir mərhələdə olduqları xəbərdarlığını edib.

ABŞ Dövlət katibi Entoni Blinkenin Ukrayna və Almaniyaya səfər edəcəyini xatırladan Psaki onun Ukrayna və Rusiya arasındakı gərginliyi azaltmaq üçün burada danışıqlar aparacağını bildirib.

Psaki Blinkenlə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında bu səhər telefon danışığında Cenevrədə görüş keçirməyə razılaşdıqlarını və dövlət katibinin bu görüş zamanı gərginliyi azaltmaq üçün Rusiyaya xəbərdarlıq edəcəyini deyib.

Ukrayna və Rusiya arasındakı gərginliyin məsuliyyətinin sərhəddə on minlərlə hərbçi toplayan Rusiya Prezidenti Vladimir Putin olduğunu söyləyib:

“Açığını deyim, hazırda vəziyyət kifayət qədər təhlükəlidir. Biz elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər. Blinken Cenevrədəki görüşdə bununla bağlı diplomatik yol olduğunu açıq şəkildə bəyan edəcək. Putin bunu etməyəcək. Ukraynaya təcavüzün ağır iqtisadi nəticələri ilə üzləşib-üzləşməməyi istəmək Putin və ruslara bağlıdır”.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı bütün variantların masada olduğunu vurğulayan Psaki iqtisadi sanksiyalarla bağlı avropalı tərəfdaşları ilə yaxın təmasda olduqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər