ABŞ-ın “EastMed” layihəsindən (“Şərqi Aralıq dənizi” boru kəməri) dəstəyi çəkməsi günlərdir Yunanıstan mətbuatının manşetlərində yer alır.
Teleqraf.com xəbər verir ki, yunan nəşrləri Vaşinqtonun Yunanıstanı Şərqi Aralıq dənizində Türkiyənin qarşısında üzüstə qoyduğunu yazıblar.
“Baydenin “EastMed”dən ayrılması Türkiyənin Şərqi Aralıq dənizindəki yeni qələbəsidir”, - yunan qəzetləri vurğulayıblar.
“Siti Tayms” qəzetində mövzu ilə bağlı məqalə dərc olunub. Məqalədə Co Bayden administrasiyasının Türkiyə ilə qarşıdurmanın yaşanmaması üçün “EastMed” layihəsindən dəstəyini geri çəkdiyi iddia edilib.
Məqalədə ABŞ-ın geri çəkilmə qərarından sonra Yunanıstandakı imicinin zədələndiyi diqqətə çatdırılıb və qeyd edilib ki, Co Bayden vəzifəyə gələndə yunan xalqının 54 faizi onu dəstəkləyib. Bundan əlavə, məqalədə bu prosesin Afinanın Avropa İttifaqına (Aİ) üz tutma ehtimalını gücləndirdiyi də irəli sürülüb.
“Vaşinqton Yunanıstanın onun üçün Türkiyə qədər əhəmiyyətli olmadığını sübut etdi. ABŞ bir daha sübut etdi ki, heç bir hökumət, hətta müttəfiqi belə onlara güvənə bilməz” – nəşr yazıb.
“Defensenet” xəbər saytı da oxşar məqalə dərc edib:
“Baydenin “EastMed”dən ayrılması Türkiyənin Şərqi Aralıq dənizindəki yeni zəfəridir. Son vaxtlar Bayden hökuməti çox açıq şəkildə Türkiyəyönlü dönüş nümayiş etdirir”.