“Rusiyanın Ukrayna və Qazaxıstan siyasəti Qərbin siyasi ekspert və mətbuatının diqqət mərkəzindədir. Bu dairələr Rusiyada millətçi ideologiyanın artmasına da diqqət yetirirlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, rus millətçiləri müharibədən danışarkən iki qələbəni xüsusilə vurğulayırlar:
“Napoleon 1812-ci ildə 600 000 nəfərlik ordu, 180 000 at və 1600 ədəd güclü artilleriya ilə Rusiya imperiyasına hücum edərkən qələbəyə ümid edirdi. Doğrudur, Napolen Moskvanı ələ keçirdi, ancaq bu, qələbə demək deyildi. Napoleon Rusiya ordusuyla yanaşı, bu ölkənin keçilməz yolları və sərt qışı ilə də üz-üzə qaldı, ordusunun yarısını itirdi. Bu müharibə Napoleonun çöküşünü sürətləndirdi və o, sonrakı müharibələrdə məğlub olaraq Elba adasına sürgün edildi.
Rus millətçiləri ikinci nümunə kimi alman ordusunun 1941-ci ildə SSRİ-yə qəfil hücumunu göstərirlər. Eynilə Almaniya diktatoru Adolf Hitler də Napoleon kimi qısamüddətli qələbəyə ümid edirdi. Hitlerin ordusu ilk aylarda xeyli uğur qazandı və ölkənin içərilərinə doğru irəlilədi. Ancaq Rusiyanın palçıq yolları və qışı Hitler ordusunun sürətini yavaşlatdı, üstəgəl, SSRİ-nin Sibirdən Moskva ətrafına gətirdiyi ordu hissələri Hitler ordusunu ilk məğlubiyyətlə üzləşdirdi, Berlin sonrakı dönəmdə Stalinqrad və Kursk döyüşlərində də ağır şəkildə məğlub oldu.
Rus millətçiləri İkinci Dünya müharibəsi haqqında danışarkən, Alman faşizmi üzərindəki qələbədə SSRİ-də yaşayan bütün xalqların rolunu “unudurlar”. Rusiyanın bu gün hədəfə aldığı həmin Ukrayna və ukraynalılar İkinci Dünya müharibəsində alman faşistlərlə mübarizədə ön cərgədə idilər, digər millətlərin rolu da danılmazdır”.
Elxan Şahinoğlu bildirib ki, SSRİ 1991-ci ildə dağıldıqdan sonra müstəqillik qazanan Rusiya əvvəlcə daxili problemlərin həlli ilə məşğul idi:
“Rusiya Çeçenistanda iki müharibə apardı, Dağıstan və Şimali Qafqazın digər bölgələrində silahlı qrupların hücumlarına məruz qaldı. Rusiya elə ki, bu təhlükələri dəf etdi, Qərbə meydan oxumağa başladı. Rusiyada 2000-ci illərin əvvəllərində hakimiyyətə gələn Vladimir Putin qərbli jurnalistin “Rusiya NATO-nun üzvü ola bilərmi” sualına belə cavab vermişdi: “Niyə də olmasın? Rusiya Avropanın bir parçasıdır”.
Bu açıqlamanın üstündən illər keçdikdən sonra Vladimir Putin artıq NATO-nu düşmən obrazında qələmə verirdi: “NATO Şərqə doğru genişlənməməlidir, bunun qarşısını almalıyıq”.
20 il əvvəl “Rusiya Avropanın bir parçasıdır” deyən Kreml sahibi bu gün Avropaya meydan oxuyur, liberalizmin sonunun gəldiyini iddia edir.
Kreml bu siyasətdən çıxış edərək NATO üzvü olan Gürcüstanla Ukraynanı hədəf seçdi. Qazaxıstandakı son hadisələr Kremlin hədəfinin daha geniş olduğunu göstərir. Təsadüfi deyil ki, NATO-nun baş katibi Stoltenberq “Rusiyaya qonşu olan bütün ölkələr təhlükə altındadır” açıqlamasını səsləndirdi. Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını NATO-nun rəqibinə çevirmək istəyir. Kreml hesab edir ki, Qərbi durdurmasa “arxa bağça”sını tədricən itirəcək. Misal üçün Rusiyada belə bir fikir hakimdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana müdaxilə etməsəydi, Qərb bu ölkədə növbəti “rəngli inqilabını” həyata keçirəcəkdi. Halbuki Qazaxıstandakı hadisələrdə Qərbin izinə rast gəlinmədi.
Rusiya Qərblə mübarizədə Çinin dəstəyini də almaqdadır. İki dövləti strateji müttəfiq adlandırmaq olmasa da, Moskva ilə Pekinin Qərblə mübarizədə ortaq maraqları var. Hər ikisi Mərkəzi Asiyanın və bütövlükdə Avrasiya bölgəsini Qərbin təsirindən uzaq tutmağa çalışır”.