“Əgər Putin və Zelenski gərginliyin azalması üçün vasitəçi axtarırlarsa, görüş üçün ən optimal məkan Türkiyədir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, ehtimal olunan Rusiya-Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri ola bilər:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün ölkəsinə dəvət edib. Prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır və dövlət başçısı Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna lideri Vladimir Zelenksi ilə də danışıqlar aparır.
Yaxşı təşəbbüsdür. Əgər Putin və Zelenski gərginliyin azalması üçün vasitəçi axtarırlarsa, görüş üçün ən optimal məkan Türkiyədir. Qərb paytaxtlarından fərqli olaraq Ankaranın həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq münasibətləri var. Rusiya-Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri olacaq. Putin və Zelenski Ankarada görüşə bilərlər. Ancaq bu mövcud məsələlərin həlli üçün yetərli deyil.
Problem ondadır ki, Rusiya Kırm və Donbas separatçılarına dəstəkdən, Kiyev isə öz ərazilərini geri qaytarmaq təşəbbüslərindən əl çəkən deyil. Türkiyənin vasitəçiliyi sadəcə Rusiya-Ukrayna müharibəsini bir müddət gecikdirə bilər”.