“ABŞ-ın Çində keçirilən idman oyunlarına qarşı təşkil etdiyi diplomatik boykota müharibə əlavə etməsi mümkündür”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert fevralda qlobal geosiyasətdə mühüm gəlişmələrin ola biləcəyinə diqqət çəkib:
“Böyük hadisələr nə vaxt başlayacaq? Fevralın 3-də? Amerikalılar təşəbbüs göstərsə, o zaman hadisələrin Çində keçirilən Olimpiya Oyunları zamanı başlayacağını demək olar. Bu onların üslubudur, bunun nümunələri də var.
2008-ci il avqustun 8-də Çində Olimpiya Oyunlarının açılışına bir neçə saat qalmış, Vaşinqtonun göstərişi ilə Saakaşvili Cənubi Osetiyada əməliyyata başladı. Bununla çinlilərin bayramını məhv etdilər, çünki bütün xəbərlər Çindən yox, Qafqazda hərəkətə keçən tanklardan yazırdı.
Eyni zamanda, ABŞ kəşfiyyatı Soçidə keçirilən Olimpiya Oyunları zamanı - 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirdi. Doğu hesablama idi. Putin Rusiyanın Soçidə uzun müddətdir hazırlaşdığı idman zəfərini hərbi addımlarla pozmaq istəmədi. Soçidə keçirilən oyunlar fevralın 23-də başa çatdı. Fevralın 21-də isə bir gün sonra başa çatan dövlət çevrilişinin aktiv mərhələsi başladı. Oyunların bağlanışına qədər hakimiyyət qiyamçılar tərəfindən uğurla ələ keçirildi. Vaxt düzgün seçilmişdi.
Markov ABŞ-ın fevralda Çində başlayacaq Qış Olimpiya Oyunlarından əvvəl də hərbi müstəvidə addımlar ata biləcəyini iddia edib:
“Gələn ayın 4-də isə Çində Olimpiya Oyunları başlayır. ABŞ siyasətindəki anti-Çin ab-havası bu ərəfədə daha da güclənib. Çinin bayramını yeni müharibə ilə məhv etmək məntiqlidir. ABŞ-ın Çində keçirilən idman oyunlarına qarşı təşkil etdiyi diplomatik boykota müharibəni əlavə etməsi də mümkündür. Bundan başqa, ABŞ əmindir ki, Putin Rusiyanın “böyük qardaşı” Çinin bayramını korlamamaq üçün qoşunlardan fəal istifadə etməkdən çəkinəcək. Beləliklə, bu məqamdan “ildırım sürətli əməliyyat” keçirmək üçün istifadə edilə bilər. Bununla Rusiya ordusu üçün əməliyyatı əhəmiyyətli dərəcədə çətinləşdirmək istəyə bilərlər.
Beləliklə, ən sadə proqnoz hadisələrin fevralın 3-də başlayacağıdır. Baxmayaraq ki, əlbəttə, ssenarilər çox vaxt daha mürəkkəb olur. Bununla belə, ABŞ təşəbbüs göstərsə, ən mümkün tarix fevralın əvvəlidir”.