Ukrayna-Rusiya gərginliyində yeni pərdə açılıb. Mövzu ilə bağlı yeni bir iddia İngiltərə Xarici İşlər Nazirliyindən gəlib.
Teleqraf.com xəbər verir ki, İngiltərənin açıqlamasında Rusiyanın Ukraynada rusiyayönlü hakimiyyət qurmağı planlaşdırdığı iddia edilib.
“Əlimizdə Rusiyanın Kiyevdəki hökumətin başına rusiyayönlü lider gətirmək istədiyini göstərən məlumatlar var. Ukraynanın keçmiş deputatı Yevxen Murayev potensial namizəd kimi görünür”, - açıqlamada qeyd edilib.
Eyni zamanda, potensial namizədlərin arasında 2012-2014-cü illərdə baş nazirin müavini olmuş Sergey Arbuzov, 2010-2012-ci illərdə baş qərargah rəisi postunu tutmuş Andrey Kluyev, Təhlükəsizlik və Müdafiə Şurası rəisinin keçmiş müavini Vladimir Sivkoviç və 2010-2014-cü illərdə baş nazir vəzifəsində çalışmış Nikolay Azarovun da adı çəkilib. Bu şəxslərdən bəzilərinin hazırda Ukraynaya hücum planından məsuliyyət daşıyan Rusiya kəşfiyyatçıları ilə əlaqəli olduğu iddia edilib.
Açıqlamada fikirləri yer alan İngiltərə Xarici İşlər naziri Liz Trass bildirib ki, bu məlumat Ukraynada nizamı pozmağa çalışan Rusiyanın fəaliyyətinin miqyasına işıq salır və Kremlin düşüncəsi haqda təsəvvür yaradır. Rusiyanın gərginliyi azaltmalı, təcavüzkarlıq və dezinformasiya kampaniyalarına son qoymalı və diplomatiya yolu ilə getməli olduğunu qeyd edən Trass Rusiyanın Ukraynaya hansısa formada hərbi hücumunun ciddi nəticələr doğuracağını və bunun böyük strateji səhv olacağını deyib.
“İngiltərənin Ukrayna ilə bağlı mövqeyi aydındır. Biz Krım da daxil olmaqla beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik. Ukrayna müstəqil, suveren ölkədir”, - XİN-in açıqlamasında qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyi isə İngiltərə XİN-in iddiasını dezinformasiya adlandırıb.