23 Yanvar 2022 18:34
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Axim Şönbax Rusiya Prezidenti Vladimir Putini tərifləyən sözlərindən sonra tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, Şönbax verdiyi açıqlamaların şəxsi düşüncələri olduğunu və bunların heç bir halda Almaniya Silahlı Qüvvələrinin mövqeyini əks etdirmədiyini bildirib.

Şönbax Hindistanda olarkən Vladimir Putinlə bağlı açıqlamalar verib.

Putinə anlayış göstərilməli olduğunu bildirən alman admiral deyib:

“Onun istədiyi, gözlə görülə bilən hörmətdir və kiməsə hörmət göstərmək demək olar ki, heç bir xərc tələb etmir. Ona görə də məndən soruşsanız, ona tələb etdiyi və layiq olduğu hörməti göstərmək asandır”.

O, ən böyük təhlükənin Çin olduğunu iddia edib: “Bizim, yəni Almaniya və Hindistanın Rusiyaya ehtiyacı var. Çünki Çinə qarşı Rusiyaya ehtiyacımız var”.

Şönbax özünün dindar xristian, Rusiyanın isə xristian ölkəsi olduğunu söyləyib: “Putinin ateist olmasının əhəmiyyəti yoxdur. Bu böyük ölkə demokratik olmasa da, ikitərəfli tərəfdaş olaraq yanımızda olması Rusiyanı Çindən uzaqlaşdıra bilər”.

Rusiya və Ukrayna arasındakı münaqişəyə də toxunan Şönbax bunu deyib: “Krım yarımadası getdi, geri qayıtmayacaq”.

O, Rusiyanın Ukrayna torpaqlarını ələ keçirmək istəməsini “cəfəngiyyat” adlandırıb.

Admiralın açıqlaması Almaniyada sərt təpkilərə səbəb olub. Bundan sonra istefa təzyiqləri qarşısında qalan Şönbaxın postundan getməkdən başqa alternativi qalmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər