25 Yanvar 2022 10:30
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəşfiyyat məlumatları Rusiyanın Ukraynanın paytaxtı Kiyevə qarşı “ildırımsürətli müharibə” planlaşdırdığını göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Baş naziri Boris Conson deyib.

Conson səfirlik işçilərinin Ukraynadan çıxarılması ilə bağlı bəzi ehtiyat tədbirləri gördüklərini söyləyib.

Ukrayna sərhədində 60 rus döyüş qrupunun olduğunu bildirən baş nazir qeyd edib ki, Kiyevi çökdürəcək ildırımsürətli döyüş planı hər kəsin görə biləcəyi bir ssenaridir.

Bunun fəlakətli addım olacağı barədə Rusiyaya xəbərdarlıq edən Conson İngiltərə olaraq iqtisadi sanksiyalar paketinin hazırlanmasına öncüllük etdiklərini və müttəfiqləri ilə birlikdə çalışdıqlarını deyib.

Baş nazir Ukraynaya mümkün müdaxilə ilə bağlı xəbərdarlıq edib: “Ruslara Ukraynanı işğal etməyin ağrılı, şiddətli və qanlı hadisə olacağı mesajını da çatdırmalıyıq. Məncə, Rusiyadakı insanların bunun yeni bir Çeçenistan ola biləcəyini anlamaları çox vacibdir. Mən o ölkənin insanları haqqında bir az məlumatım var və düşünürəm ki, döyüşəcəklər”.

Əldə edilən kəşfiyyat məlumatlarının olduqca depressiv olduğunu qeyd edən Conson müharibənin hələ də qarşısını almağın mümkün olduğunu söyləyib.

Hər ehtimala qarşı Ukraynanı müdafiə silahları ilə təmin etdiklərini və sanksiya paketi hazırladıqlarını vurğulayan Conson əlavə edib: “Eyni zamanda Rusiyaya bildirməliyik ki, Ukraynaya qarşı hər hansı işğal, istənilən miqyasda hücumun bədəli də olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər