Fransada yaşayan yəhudilərin əksəriyyəti antisemitizmin fransız cəmiyyətində geniş yayıldığını bildirir və bu səbəbdən mənşələrini gizlətməli olduqlarını qeyd edirlər.
Teleqraf.com xəbər verir ki, sözügedən araşdırma Amerika Yəhudi Komitəsi və Fransa Siyasi İnnovasiya Fondunun sifarişi ilə Fransanın İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) tərəfindən aparılıb.
Məlumata əsasən, sorğuda iştirak edən 500-dən çox "yəhudi konfessiyası və ya mədəniyyətinə mənsub fransızların" 85 faizi antisemitizmin yayılmış hal olduğunu, 73 faizi isə artmaqda davam etdiyini hesab edib. Respondentlərin yarıdan çoxu istehza ilə qarşılaşdığını təsdiqləyib, 30 faizi isə mütəmadi olaraq təhqir olunduğunu bildirib (digər 23 faizi - ən azı bir dəfə)
Sorğuda iştirak edənlərin 24 faizi yəhudi icmasına mənsub olduqları üçün həyatlarında ən azı bir dəfə sağlamlıqlarına və ya əmlaklarına təhdidlər ilə üzləşiblər. Respondentlərin 7 faizi əmlaklarına mütəmadi olaraq zərər vurulduğunu, 8 faizi isə dəfələrlə fiziki zorakılıqla üzləşdiklərini bildiriblər.