“Ruslar geri çəkilməsə, Zelenski üçün hərbi əməliyyatlar yeganə xilas yolu ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert Rusiya-Ukrayna gərginliyi ilə bağlı son gəlişmələrə diqqət çəkib:
“Ukraynanın Rusiyanın təzyiqi ilə imzaladığı Minsk sazişi 1998-ci ildə Qarabağ nizamlanması ilə əlaqədar Azərbaycana təklif edilən “Ümumi dövlət” prinsipinin bənzəridir. Minsk sazişinə görə, Donetsk və Luqansk vilayətləri Ukraynanın tərkibində xüsusi status almalıdır. Kiyev onlarla birbaşa danışıqlar aparmalıdır.
Dünən Parisdə Minsk sazişi ilə əlaqədar Ukrayna, Fransa, Almaniya, Rusiya nümayəndələrinin danışıqları baş tutub. Görünən budur ki, ciddi razılaşma yoxdur. İki həftə sonra danışıqlar yenidən başlayacaq. Amma nəticə üçün tərəflərdən biri ciddi güzəştə getməlidir. Ruslar güzəştə getmək istəmir, Zelenski isə gedə bilməz. Yenə seçim Moskvanındır.
Hesab edirəm ki, belə davam etsə. Ukrayna separatçılara qarşı hərbi əməliyyatlara başlayacaq. Hələ ki, Baydenin dəstək vermək imkanı var, Ukrayna üçün bu fürsət qüvvədə qalır. Həmçinin Zelenski üçün də hərbi əməliyyatlar yeganə xilas yolu ola bilər, əgər ruslar geri çəkilməsə”.