31 Yanvar 2022 11:42
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda 225-ə yaxın insanın ölümü ilə nəticələnən “Yanvar faciəsi” adlanan hadisələrdən sonra 30 ilə yaxın ölkəni idarə edən Nursultan Nazarbayevdən bütün siyasi hüquqları alan Prezident Kasım-Jomart Tokayevin “Yeni Qazaxıstan” çağırışı diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Tokayev yanvarın 11-də parlamentdəki çıxışında bundan sonra başlayacağı islahatların müjdəçisi kimi, “Xalqı yeni Qazaxıstanın qurulmasına çağırıram” sözlərini işlədib.

Qazax ekspertlər Türkiyənin “Anadolu” agentliyinə Tokayevin bu mesajını dəyərləndiriblər.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun vitse-prezidenti Art Kuşkumbayev bildirib ki, qazın qiymətlərinin artırılmasına qarşı yanvarın 2-də başlayan etirazlar əslində ölkədə illərdir davam edən sosial-iqtisadi problemlərin partlamasına olub.

Kuşkumbayev bu olayları müstəqil Qazaxıstan tarixinin “ən irimiqyaslı böhran”ı adlandırıb: “Üstüörtülü işsizlik, gəlir bərabərsizliyi, varlılar və kasıblar arasındakı uçurum və regionlar arasındakı inkişafda böyük disbalans kimi problemlər əsas problem idi. Bunlar bütün ölkəni əhatə edən üsyanların mənbəyinə çevrildi”.

Dinc etirazlara səbəb olan sosial-iqtisadi problemlərin bəzi qruplar tərəfindən istifadə edildiyinə diqqət çəkən ekspert qeyd edib ki, Qazaxıstanın yeni hökumətinin əsas vəzifəsi gələcəkdə oxşar hadisələrin baş verməməsidir.

Tokayevin “Yeni Qazaxıstan” siyasətinin təsadüf olmadığına diqqət çəkən Kuşkumbayev vurğulayıb: “Bu, hökumətlə xalq arasında yeni əlaqə modelidir. Yəni yeni isimlərin ortaya çıxması, “meritokratiya” adlandırdığımız ədalət prinsipinə əsaslanan idarəetmə sistemi və iqtisadiyyatda inhisarçılığın aradan qaldırılması, illərlə yığılıb qalmış və həllini tapmayan sosial, əsasən iqtisadi problemləri həll edən yeni siyasi islahatlar gündəmə gələcək”.

Bununla yanaşı, sözügedən siyasətin ölkədə yeni siyasi sistemin xəbərçisi olduğunu qeyd edən Kuşkumbayev söyləyib: “Artıq Nazarbayev dövrünün geridə qaldığını demək olar. Özü də təqaüdə çıxdığını elan etdi. 2022-ci ilin əvvəlindən etibarən Tokayevin hakimiyyəti tamamilə ələ keçirdiyini görürük”.

Qazax siyasi ekspert Dosım Satıpayev də 30 il ərzində ölkədə orta sinifin formalaşmadığını bildirib. Cəmiyyətdə demokratiya və digər dəyərlərin bərqərar olmasında orta sinfin fəal roluna diqqət çəkən Satıpayev deyib ki, bu, Tokayevin yeni sosialyönümlü siyasətində əsas amillərdən biridir.

“Əvvəlcə iqtisadiyyat, sonra siyasət” prinsipinə əsaslanan sistemin mənfi nəticələrinə toxunan Satıpayev hesab edir ki, bu, doğru deyil, bunların hamısı paralel şəkildə davam etməlidir.

Digər siyasi ekspert Saparbay Jubayev isə söyləyib ki, bu günə qədər ölkə iqtisadiyyatında siyasət xalqın yox, varlı qrupların maraqlarına xidmət edib.

Jubayev ölkəsinin 30 ildə Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatına çevrilməsinə imkan yaradan mühüm investisiya layihələrinin həyata keçirildiyini, amma bundan müəyyən qrupların qazandığını vurğulayıb: “Qazaxıstan iqtisadiyyatındakı ədalətsizliklər yanvar faciəsinə səbəb oldu. Hakimiyyətdə olanlar bilirlər ki, xammala sərmayə qoymaq sərfəli deyildi, digər iqtisadi sahələrin çiçəklənməsinə imkan vermirdi”.

Tokayevin “Yeni Qazaxıstan” siyasəti ilə ölkə iqtisadiyyatında dəyişikliklərin edildiyinə diqqət çəkən Jubayev deyib: “Bunun ən böyük nümunəsi ölkənin bütün təbii sərvətlərini özündə saxlayan Samruk Kazina Milli Sərvətlər Fondunda yenilənmə prosesinin başlamasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər