İsrailin “kamikadze delfinlərdən” istifadə etdiyi iddiaları gündəmə gəlib.
Teleqraf.com son günlərin dünyada gündəm olduğu kəşfiyyət məlumatlarını təqdim edir.
Kəşfiyyat məlumatına görə, İsrailin “kamikadze delfinlərindən” istifadə etməsi iddiası Həmas Hərakatı tərəfindən səsləndirilib.
Almaniyada isə casusluq iddiaları gündəmə çevrilib. Almaniyada təhsilini davam etdirən rusiyalı alim casusluqda şübhəli bilinərək saxlanılıb. Texniki universitetdə təbiət elmləri sahəsində çalışan şübhəli şəxs aviasiya layihələri, xüsusən də “Ariane” kosmik raketi haqqında Rusiya məxfi xidmətinə məlumat sızdırmaqda ittiham olunur. Şübhəlinin sızdırılan məlumatlara görə 2500 avro nağd pul aldığı iddia edilir. Bu, Almaniya və Rusiya arasında ilk casus qalmaqalı deyil. 2021-ci ilin oktyabrında Almaniya parlamentində çalışan təhlükəsizlik işçisinin bina planlarını Rusiya xüsusi xidmətinə sızdırdığı iddia edilmişdi. Şübhəli şəxs qismində həbs edilən mühafizəçi məhkəmə tərəfindən cəzalandırılmışdı. İndi önə çıxan casus qalmaqalı isə daha ciddiyyət təşkil edir. James Vebb teleskopunun kosmosa buraxılması üçün istifadə edilən “Ariane 5” raketinin birinci və ikinci pilləli mühərriklərinin təkmilləşdirildiyi laboratoriyanı yaradan Prof. Dr. İsgəndər Gökalp Rusiyanın raket texnologiyasında kifayət qədər inkişaf etmiş bir ölkə olduğunu ifadə edib.
“Məncə bu xəbər çox vurğulanacaq bir şey deyil. Rusiya raket texnologiyası mövzusunda çox uğurlu bir ölkədir, hətta bunu bacaran bir ölkədir. Bu mövzuda “ata” olaraq xarakterizə edilə bilər. Yəni “Ariane” haqda bilgilərdən nə ala biləcəklərini bilmirəm. Məncə, bu xəbərlər Rusiya ətrafında gedən geosiyasi müzakirələrlə bağlı ola bilər” - professor deyib.
Amma son olay kəşfiyyat müharibələrinin nə ilk, nə də sonuncu nümunəsidir. Keçmişdən bu günə gizli xidmət orqanları çox maraqlı əməliyyatlarla gündəmə gəlib. Bu əməliyyatlar bəzən fiasko ilə bitərkən, bəzən də adı tarixə qızıl hərflərlə yazılıb.
Ötən gün İsrail tərəfindən həyata keçirildiyi iddia edilən əməliyyat da böyük əks-səda yaradıb. HƏMAS-ın verdiyi açıqlama gözləri İsrailin gizli xidmətinə - Mossada çevirib. HƏMAS verdiyi açıqlamada İsrailin keçən yay qarşıdurmalarda xüsusi təlim keçmiş “qatil delfinlərdən” istifadə etdiyini aşkarladığını açıqlayıb. İddiaya görə, İsrail təhlükəsizlik bölmələri dənizdən sızmaya qarşı xüsusi təlim keçmiş və təchiz olunmuş delfinlərdən istifadə edib. Xüsusi təlim keçən delfinlərin HƏMAS silahlısını öldürdüyü də açıqlanıb.
HƏMAS delfinin ağzına yapışdırıldığını iddia etdiyi silahlı aparatın görüntülərini də paylaşıb. HƏMAS-ın iddiası hələ təsdiqlənməsə də, "qatil delfinlərin" gerçək olması ehtimalı var. Məlumdur ki, ABŞ və Rusiya kimi bəzi ölkələr dəniz minalarını aşkar etmək üçün suitilərdən və müxtəlif dəniz canlılarından, xüsusilə delfinlərdən istifadə edirlər.
Yeri gəlmişkən, bu, Mossadın dəniz canlılarından istifadə etməsinə dair ilk iddia deyil. 2010-cu ildə Misirin Qırmızı dəniz sahillərində silsilə köpək balığı hücumlarının Misirin turizm sektoruna zərər vermək məqsədi ilə İsrailin xüsusi xidmət orqanı Mossad tərəfindən yetişdirilmiş köpək balıqları tərəfindən həyata keçirildiyi iddiası Misir mətbuatında geniş yer almışdı. İddialarla bağlı açıqlama verən Misir səlahiyyətliləri, köpək balığı hücumundan Mossadın məsuliyyət daşıdığına dair bir ipucu tapa bilmədiklərini və araşdırmalarının davam etdiyini vurğulamışdı.
İsrail Xarici İşlər Nazirliyi isə bunu uydurma adlandırmışdı.