ABŞ-ın təhlükəsizlik zəmanətlərinə cavabından aydın olur ki, Amerika tərəfi Rusiyanın prinsipial narahatlığına məhəl qoymayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya prezidenti Moskvanın yanvarın 26-da ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə verilən cavabları diqqətlə təhlil etdiyini açıqlayıb: "Artıq mən Macarıstan Baş nazirinə məlumat verdim ki, Rusiyanın prinsipial narahatlığına məhəl qoyulmayıb. Biz üç əsas tələbimizə adekvat baxıldığını görmədik", - deyə Putin vurğulayıb.
Putin xatırladıb ki, SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Alyansı Şərqdə infrastrukturu inkişaf etdirməyəcəyinə söz vermişdi, lakin indi NATO-ya Baltikyanı ölkələr, Polşa və Rumıniya daxildir: “Onlar bir şey dedilər, başqa şey etdilər. Bizə xalq arasında deyildiyi kimi, "atdılar", sadəcə aldatdılar".