Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk İrəvana işgüzar səfər edib.
Teleqraf.com xəbər verir ki, bu gün Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Aleksey Overçuk arasında görüş keçirilib.
Görüşdə “Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru və Direktorlar Şurasının sədri Oleq Belozerov və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib.
Tərəflər Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər.
Hər iki tərəf “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin Ermənistan iqtisadiyyatı üçün mühüm rolunu qeyd edib, konsessiya müqaviləsi çərçivəsində şirkətlə əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə edib.
Görüş zamanı Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun gündəliyindəki məsələlərə, o cümlədən Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası perspektivlərinə də toxunulub.