3 Fevral 2022 09:23
2 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanda yaşayan ermənilər təxminən bir əsr əvvəl Anadoludan bu ölkəyə gətirdikləri bir çox xörəkləri həm evdə, həm də restoranlarda bişirməyə davam edirlər.

Teleqraf.com xəbər verir ki, restoranlarının menyularını türk adları ilə yazdıran ermənilərin əksəriyyəti paytaxt Beyrutun Burj Hammud mahalında yaşayır.

Ermənilər Anadolu mətbəxinin ən əhəmiyyətli ləzzətləri olan düşbərə (mantı), su börəyi, basdırma, kolbasa, lahmacun, Adana və Urfa kababını Livan xalqına sevdirməyi bacarıb. Bu məhəlləyə gedəndə eyni ilə Türkiyədə olduğu kimi qəssab və restoranlardan basdırma, kolbasa almaq olur. Vəziyyəti bir az da irəli aparan ermənilər hətta kolbasa dönəri də hazırlayıb yemək bazarında özlərinə yer qazanıblar.

Ermənilərin Anadoludan gətirdiyi bu ləzzətlərin son vaxtlar Livanda daha da məşhurlaşdığına dair çoxlu xəbərlər var. “Eater” adlı xəbər saytı bu yaxınlarda “Az tanınan erməni yeməkləri Livanda diqqət mərkəzinə düşüb” başlıqlı məqalə dərc edib.

Anadolu mətbəxini Livana gətirən ermənilər nəsildən-nəslə ötürülən mədəni irs olan bu yeməkləri bu gün süfrələrə çıxararaq ölkə iqtisadiyyatını və qastronomiyasını da zənginləşdirirlər.

Livanda türk dadının vazgeçilmez ünvanı erməni restoranlarıdır. Bir sözlə, Türkiyədəki ləzzətli yeməklərin eynisini dadmaq istəyənlər erməni restoranlarına getməli olurlar.

Beyrutun Bulat küçəsindəki tarixi binanın altında təxminən 75 ildir fəaliyyət göstərən “İşanyan” çörək zavodunu Qaziantepdən gələn erməni ailəsi açıb.

Çörək sexini üçüncü nəsil olaraq işlədən Elie İşhanyan Anadolu Agentliyinə açıqlamasında bildirib ki, sexi 1947-ci ildə əslən Qaziantepdən olan babası açıb: “Çörəkxanada ilk dəfə adi lahmacun, erməni lahmacunu və Suriya lahmacunu hazırlanıb satılıb. Biz buna daha sonra vegan (ətsiz) lahmacunu da əlavə etdik. Həmçinin düşbərə və su börəyi də hazırlamağa başladıq. Hazırda çörək sexinə anamla mən baxıram”.

“Babam Anadolu yeməklərini Livana gətirib”

Elie İşhanyan babası öləndən sonra əslən Qaziantepdən olan nənəsinin çörək sexini idarə etməyə başladığını deyib: “Babam gəldiyi ölkənin yemək mədəniyyətini Livana gətirib. Burada çoxlu erməni restoranları var. Hər kəs öz üslubuna uyğun düşbərə hazırlayır, daha sonra isə qatıq, pomidor sousu və sarımsaqla servis edir. Təndirimizdə hazırladığımız lahmacunun içərisinə pomidor, sarımsaq, cəfəri və ət var. “Suriya lahmacunu” kimi ənənəvi Anadolu xörəkləri ilə düşbərə və su börəyi də təqdim edirik”.

Ən məşhur kolbasa və basdırma

Livanlı ərəb Munir Əhməd ölkədə ermənilərin hazırladığı yeməkləri çox bəyəndiyini bildirib: “Livanda ən məşhur kolbasa və basdırmaları ermənilər hazırlayır. Mətbəximizin zənginləşdirilməsini çox sevirik. Livanda İtaliya kimi dünya mətbəxindən başqa nümunələr də var. Livandakı bəzi yeməklərin kökü Türkiyədən gəlir”.

Qeyd edək ki, 1934-cü ildən bəri siyahıyaalma aparılmadığı üçün Livan əhalisinin dəqiq sayı məlum olmasa da, bu ölkədəki ermənilərin 60-100 min arasında olduğu təxmin edilir. Onların çoxu türkcə danışa bilir. Livandakı vətəndaş müharibəsinə son qoyan 1989-cu il Taif sazişində ermənilər Livanın yeddinci ən böyük icması kimi qəbul edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər