Dünən Türkiyə və Ermənistan arasında ilk təyyarə reysləri qarşılıqlı şəkildə uçuş həyata keçirib. Bununla da Türkiyə və Ermənistan arasında münasibətləri yoluna qoymaq üçün irəliyə doğru daha bir addım atılıb.
Teleqraf.com xəbər verir ki, Ankara və İrəvan arasında əlaqələrin qurulması üçün atılan addımları “Əl-Cəzirə” kanalının analitiki, İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan şərh edib.
Erməni analitik deyib ki, bu gün baş verənlər prosesin ikinci turudur:
"İndi müşahidə olunan yaxınlaşmanı protokol prosesindən alınan dərslərdən sonra yenidən diplomatik münasibətlərin qurulması prosesi kimi baxmaq olar. Ancaq bu prosesdə hər şeyin yeni olduğunu deyə bilərəm. İki mühüm fərq var. Birincisi, Ermənistan administrasiyası yeni və fərqli bir hakimiyyətdir. Paşinyan 2021-ci ilin iyununda yenidən baş nazir seçildikdən sonra özünə daha çox əmindir. Növbədənkənar seçkilərdən yenilənmiş mandat alan baş nazir Paşinyan və Ermənistan Türkiyədə çoxlarının düşündüyündən qat-qat güclü mövqedədir. Deməli, normallaşmaya qarşı müxalifət və ya hər hansı reaksiya əvvəlkindən qat-qat zəifdir.
İkinci mühüm məqam Azərbaycandır. Azərbaycan normallaşma prosesinin irəliləməsinə imkan verməyə daha çox hazırdır. Bu da vacib məqamdır.
Üçüncüsü, Ankarada yeni siyasi iradə var. Bu, prosesi irəli aparmağa imkan verə bilər”.
“Diplomatik münasibətlərin yenilənməsi prosesinin təəccüblü dərəcədə sürətli olduğunu gördüm. 10 gün ərzində xüsusi nümayəndələr təyin olundu və sonra ilk görüş oldu. Strateji baxımdan Moskvada keçirilən ilk görüşlə Rusiyanın heç bir narahatlıq duymadan prosesdə maraqlı tərəf olması hədəflənmişdi. Bu, Vaşinqton və ya Brüssel tərəfindən qoyulan normallaşma prosesi deyil. Hətta Azərbaycan da birbaşa iştirak etmir. Növbəti dövr nə gətirəcək?: Düşünürəm ki, proses Ermənistan-Türkiyədən daha geniş mənzərəni ehtiva edir. Bu proses həm də müharibədən sonrakı sabitliyin bir hissəsidir”, - erməni analitik qeyd edib.