ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kiyev səfərindən məmnun qalıb.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Ned Prays açıqlayıb.
Ərdoğanın Kiyev səfərinin NATO müttəfiqi Türkiyə ilə Ukrayna arasındakı əməkdaşlığı nümayiş etdirdiyini deyən Prays əlavə edib ki, bu əməkdaşlığın regional sabitliyi və Ukraynanın özünü müdafiə etmək qabiliyyətini gücləndirdiyini düşünürlər:
“Biz özümüz Ukraynaya misli görünməmiş səviyyədə müdafiə və təhlükəsizlik yardımı göstərdiyimiz kimi, NATO müttəfiqlərimizə də ukraynalı tərəfdaşlarımıza ABŞ avadanlığı, habelə tərəfdaşları və müttəfiqləri üçün Rusiyanın təcavüzünə qarşı müqavimət göstərmək üçün Ukraynaya təhlükəsizlik yardımı etmək səlahiyyəti vermişik. Biz ümumiyyətlə bunu təşviq edirik”, - Dövlət Departamentinin rəsmisi deyib.
Rusiyanı dezinformasiya kampaniyasını dayandırmağa və sülh yolu ilə həll üçün diplomatiya və dialoqa çağırdıqlarını söylətən Prays Rusiya kəşfiyyatının televiziya, radio, sosial platformalarda geniş dezinformasiya və təbliğat işi ilə məşğul olduğunu bildirib.