4 Fevral 2022 12:42
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin hədəfləri böyütməklə özünü tələyə salıb, Ukrayna ilə müharibə Rusiyaya ciddi problemlər vəd edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmaq məqsədilə Pekinə gedib:

“Putin çinli həmkarı Si Cinpinlə müxtəlif sazişlər imzalayacaq. Cinpin Putinin gəlişinə xüsusi əhəmiyyət verir. Çünki Qərb liderlərinin əksəriyyəti Çinin insan haqlarını pozduğuna və uyğurlara qarşı sərt tədbirlər həyata keçirdiyinə görə olimpiadanın açılışını boykot ediblər.

Kreml sahibi sağlığına son dərəcə diqqət yetirən liderlərdəndir. Vladimir Putin özünü virusdan qorumaq üçün təhlükəsizlik tədbirlərini xeyli artırıb, ətrafında kimsə virusa yoluxursa, o, dərhal təcrid olunur. İran Prezidenti İbrahim Rəisi Putinlə Kremldəki görüşündə uzunluğu metrlərlə olan masada oturmaq məcburiyyətində qalmışdı. Çünki Putin görüşdüyü liderlərin test nəticələrini bilmək istəyir, məhz bundan sonra həmkarlarıyla yaxın məsafədə görüşür. Rəisi isə test tələbini nəzərə almamışdı. Ona görə də Putinlə uzaq məsafədən müzakirə aparırdı. Putin Çin lideri üçün arxayındır. Çində son günlər virus nisbətən artsa da, bu ölkədə koronavirus ciddi nəzarət altındadır, birinin virus yoluxduğu müəyyənləşən kimi təmasda olduğu insanlar müəyyənləşdirilir və onlar müəyyən müddətə cəmiyyətdən təcrid olunurlar”.

Elxan Şahinoğlu Rusiya liderinin Türkiyəyə səfərinə də toxunub:

“Kreml sahibi Pekindən sonra Ankaraya getməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskiyə Kiyevlə Moskva arasında vasitəçi ola biləcəyini təklif edib. Zelenski Ərdoğanın təklifini qəbul edib. Putin də razılaşsa, ikisi arasında görüş Türkiyədə gerçəkləşəcək.

Əlbəttə, Türkiyədəki mümkün görüş Rusiya ilə Ukrayna arasındakı dərin fikir ayrılıqlarını çözməyəcək, ancaq ən azı ortamı bir qədər yumşalda bilər. Putin hədəfləri böyütməklə özünü tələyə salıb, müharibə Rusiyaya ciddi problemlər vəd edir. Putin bu vəziyyətdən imicini qorumaqla çıxmaq istəyirsə, Ankaranın vasitəçilik imkanlarından istifadə etmək üçün şansı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər