4 Fevral 2022 22:28
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Berlin ölkədə yayımlanan Rusiya dövlət telekanalı “Russia Today”ı (RT) bağladıqdan sonra Rusiya buna cavab olaraq Almaniyanın ictimai televiziyasının (“Deutsche Welle”) ölkədəki fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, Almaniyanın Lisenziyalaşdırma və Nəzarət Komissiyası (ZAK) ötən gün verdiyi qərarla “Russia Today”in alman dilində yayımını qadağan edib.

ZAK-dan verilən açıqlamada qərarın Almaniyada lazımi yayım lisenziyasına malik olmadığı səbəbiylə RT DE-nin yayımının qadağan edildiyi bildirilib. Rusiya da bu qərara cavab olaraq “Deutsche Welle”nin Rusiya ofisini bağlamaq və müxbirlərinin akkreditasiyasını ləğv etmək, həmçinin Rusiyadakı peyk və digər yayımlarını dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Moskva həmçinin Almaniya kanalının “xarici agent” elan edilməsi üçün hüquqi prosesə başlanıldığını bəyan edib.

DW bu qərarı “aqressiv reaksiya” adlandırıb.

Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyi RT-ın yayımına qadağa qoyan alman rəsmilərinin də federasiyaya girişinin qarşısının alınacağını açıqlayıb. Almaniya Xarici İşlər Nazirliyi isə Moskvanın addımlarının əsassız olduğunu və ikitərəfli münasibətlərinə gərginlik yaratmağa xidmət etdiyini bildirib.

Almaniya Jurnalistlər Birliyi Rusiya Prezidenti Vladimir Putini DW-yə qoyulan qadağanı dərhal aradan qaldırmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər