Azərbaycan nümayəndə heyəti TÜRKSOY-un 32-ci dönəm toplantısında iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 20-22 noyabr 2014-cü il tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir.
Toplantıda ölkəmizi Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatının dinlənilməsi, 2015-ci il üçün tədbirlər planının təsdiqi, təşkilatın yeni müddət üçün baş katibinin seçilməsi, 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq şəhərin müəyyən edilməsi və başqa məsələlərə dair qərarların qəbul edilməsi nəzərdə tutulub.
Dönəm toplantısında iştirak edən nümayəndə heyətlərinin 2014-cü ildə Kazan şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" olması münasibəti ilə keçiriləcək bağlanış mərasimində, TÜRKVİSİON beynəlxalq mahnı müsabiqəsinin final konsertində iştirakı, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti tərəfindən qəbulu da nəzərdə tutulub.