6 Fevral 2022 18:26
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Almaniyadan istədiyi silahların siyahısını verdiyi iddia edilib.

Teleqraf.com “Süddeutsche Zeitung”a istinadla xəbər verir ki, Ukraynanın Berlindəki səfirliyinin Almaniya Xarici İşlər Nazirliyinə və bir nüsxəsi Müdafiə Nazirliyinə verdiyi məktubda Kiyevin bu ölkədən istədiyi silahların siyahısı yer alıb.

Məktubda tələb olunan silahların müdafiə məqsədi daşıdığı vurğulanaraq, gərgin vəziyyət və Rusiya təhdidi səbəbindən bu istəyin dərhal yerinə yetirilməsinin istənildiyi bildirilib.

Məlumata görə, siyahıda ortamənzilli zenit-raket sistemləri, daşınan zenit-raket kompleksləri, mikrodalğalı dağıdıcı və elektron izləmə sistemləri ilə yanaşı, gecəgörmə cihazları, müşahidə kameraları, rabitə qurğuları, mina məhvetmə sistemləri kimi bir çox silah və hərbi texnika yer alıb.

Almaniya hökuməti bundan əvvəl döyüş bölgələrinə ölümcül silahların göndərilməyəcəyini bildirərək, Ukraynaya silah verməkdən imtina edib. Rəsmi Berlinin bu dəfəki müraciətə hansı cavabı verəcəyi məlum deyil.

Almaniya Kansleri Olaf Şolz fevralın 7-də ABŞ Prezidenti Co Bayden, fevralın 10-da isə Baltikyanı ölkələrin liderləri ilə görüşəcək, ardınca Kiyev və Moskvada danışıqlar aparacaq. Bu təmaslardan sonra Almaniya hökumətinin Ukraynaya silah göndərilməsinə münasibətinin dəyişib-dəyişməyəcəyi maraq doğurur. Alman hökuməti daxilində bu məsələ ilə əlaqədar ikitirəlilik var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər