“Rusiya Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya Rusiyada siyasi sığınacaq verməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz Rusiyada cənab Poroşenko kimi insanlara sığınacaq verməyə hazırıq”, - Putin bildirib.
Putin əlavə edib ki, əvvəllər Poroşenkoya gələcəkdə çətinliklərlə üzləşəcəyi təqdirdə sığınacaq verməyi təklif edib: “Lakin o, Ukrayna prezidenti vəzifəsində olduğu üçün bu məsələyə ironiya ilə yanaşıb. Ancaq bu gün Donbasda nizamlanma məsələsi ilə bağlı ciddi fikir ayrılıqlarımıza baxmayaraq, mən öz təkliflərimi təsdiq etmək istəyirəm”.
Putin qeyd edib ki, sığınacaq təklifi Poroşenkonun yeritdiyi siyasətlə razı olduğu üçün deyil, humanitar səbəblərdən irəli sürülüb.
Poroşenkonun Putinə cavabı özünü gecikdirməyib. Ukraynanın sabiq prezidenti deyib: "Rusiya Prezidenti Vladimir Putin başa düşməlidir ki, ukraynalı siyasətçilər öz problemlərini öz ölkəsində həll edə bilərlər. Mən Vladimir Vladimiroviçə (Putinə) məsləhət görürəm nəhayət başa düşsün ki, biz bunu Ukraynada özümüz həll edəcəyik".