ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi şəxsi təyyarəsi ilə səyahət etmək üçün təxminən yarım milyon dollar xərcləyib. Amerikalı spikerin bu davranışları planet üçün təhlükəli hesab olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Pelosi dəfələrlə qlobal istiləşmə ilə mübarizəyə sadiq olduğunu bəyan edib və ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı mənəvi öhdəliyinin olduğunu xatırladıb.
Pelosi Federal Seçki Komissiyasına təqdim etdiyi kampaniya sənədləri ilə öz vədlərini dəfələrlə pozduğunu ortaya qoyub. O, 2020-ci ilin oktyabrından 2021-ci ilin dekabrına qədər iki aviaşirkətə şəxsi uçuşlar üçün 489.1 min dollar ödəyib.
Nümayəndələr Palatasının spikeri bundan əvvəl iqlim dəyişikliyini “ekzistensial təhlükə” adlandırıb. 2021-ci ilin noyabrında Şotlandiyanın Qlazqo şəhərində keçirilən iqlim sammitində ABŞ Konqresinin nümayəndə heyətinə rəhbərlik edib. Konfrans zamanı o, ekologiyaya olan qayğısının dindar bir katolik kimi inanclarına əsaslandığını bildirib.