8 Fevral 2022 22:57
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın keçmiş baş naziri və hazırkı xarici işlər naziri Sofi Vilmsin oktyabrın 1-də NATO baş katibi Yens Stoltenberqi əvəzləyəcəyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, koronavirus pandemiyasının ilk günlərində Belçikada müvəqqəti hökumətdə baş nazir olan Vilms sözügedən iddiaya münasibət bildirməkdən yayınıb.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarlz Mişeldən sonra Vilmsin adı da belçikalılar tərəfindən digər mühüm beynəlxalq təşkilat olan NATO-nun baş katibi kimi hallandırılır.

Mütəxəssislər Vilmsin beynəlxalq aləmdə tanınmış siyasətçi olduğunu, NATO-nun iki rəsmi dilini - ingilis və fransız dillərini çox yaxşı bildiyini deyərək, onun baş katib postu üçün yaxşı seçim olduğunu iddia edirlər. Eyni zamanda, Vilms həm də NATO-nun baş katibi olarsa, bu vəzifəni tutan ilk qadın olacaq.

BƏƏ-nin Dubay şəhərindən rəsmi səfərdən qayıdan xanım nazirdən NATO-nun yeni baş katibi olacağı ilə bağlı iddia soruşulub, amma o bu suala cavab verməkdən yayınıb. Öz karyerasında uğurlu görünən Vilms qeyri-müəyyən mövzularda danışmayan soyuqqanlı siyasətçi kimi də tanınır. Belçika Frankofoniya Liberal Partiyasının üzvü olan 47 yaşlı Vilms evlidir, dörd övladı var.

Digər tərəfdən, Stoltenberqin dekabrın 1-də Norveç Bankının (Norges Bank) sədrliyinə keçəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər